“Hakimiyyət dəyişən kimi bayraq da dəyişdi” - Siyavuş Novruzov

“Hakimiyyət dəyişən kimi bayraq da dəyişdi” -  Siyavuş Novruzov
  02 Noyabr 2018    Oxunub:2455
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Dövlət Bayrağının, Gerbinin təsvirinin təsdiq edilməsi, Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunlarının ikinci oxunuşunda aparılan müzakirələr zamanı deputatlar atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürüblər.
Azvision.az-ın məlumatına görə, təkliflərə münasibət bildirən parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, deputatlar tərəfindən atributlarımızın dəyişdirilməsi ilə bağlı təkliflər referendum yolu ilə həll edilməlidir:

“Konstuitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizə ziyan etməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizdə və digər atributlarda olan cəhətlərlə bağlı hər kəsin fikir arzusu ola bilər Amma mən bunların əleyhinəyəm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa daha yaxşıdır”.

S. Novruzov qeyd edib ki, vaxtilə Ulu öndər Heydər Əliyev belə bir təklifə qarşı çıxaraq, atributlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış edib: “Bizə qonşu dövlətlərin birində hakimiyyət dəyişən kimi bayraq da dəyişdi. Onlar Avropaya yaxınlığını göstərmək üçün bayraqlarının üzərinə 5 xaç vurdular. Amma bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə qoyulub”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti