Vasif Talıbov və Cahangir Əsgərov Naxçıvan aeroportunda - VİDEO

Vasif Talıbov və Cahangir Əsgərov Naxçıvan aeroportunda -  VİDEO
  03 Noyabr 2018    Oxunub:6295
Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər təqdim olunub.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov maşın-mexanizmlərə və xidməti avtomobillərə baxıblar.



Qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib, hava limanına 25 adda 30 yeni texnika və avtomobil alınıb. “Skymark” markalı yanacaqvuran, “Man” markalı yanacaqdaşıyan və yanğınsöndürən, “Mercedes” markalı xüsusi təyinatlı qartəmizləyənlər, “Schmidt” markalı yolsüpürən, “Trepel” markalı yükləyici maşınlar, təyyarə yedəkləri, yüksəldici platforma, “Trepel” markalı təyyarəçəkən, “Sherpa” markalı 4 tonluq baqajçəkmə traktorları, yükqaldıran maşınlar və digər mexanizmlər yüksək texniki göstəricilərə malikdirlər. “Mercedes Sprinter” markalı 2 mikroavtobus, “Fiat Doblo”, “NAZ-Lifan” və “Mitsubishi” markalı minik avtomobilləri də işçi heyətin rahat hərəkətini təmin edəcək. Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcək.

Həmçinin Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında aparılan tikinti işləri ilə maraqlanıblar. Məlumat verilib ki, uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Hazırda ərazidə torpaq işləri görülür. Tikinti işləri aparılarkən texniki tələblərə tam əməl olunur. Ərazidə yağış və qrunt sularının axıdılması üçün drenaj və kollektorlar qazılıb. Hazırda uçuş-enmə zolağının torpaq qatı bərkidilir, mühəndis-kommunikasiya xətləri çəkilir, yanğın nəzarət qülləsi inşa olunur. Müasir tələblər səviyyəsində tikilən uçuş-enmə zolağına keyfiyyətli asfalt-beton örtük salınacaq. Yeni uçuş-enmə zolağı istifadəyə verildikdən sonra Naxçıvan Beynəlxalq Hava Limanında yük və sərnişin dövriyyəsinin həcmi artacaq.

Ali Məclisin sədri tikinti işlərinin keyfiyyətl aparılması, eləcə də aviasiya təhlükəsizliyi ilə bağlı tələblərə əməl edilməsi barədə müvafiq tapşırıqlar verib.

Azvision.az


Teqlər: Naxçıvan   Hava-limanı  





Xəbər lenti