Qax-Zaqatala yolu yenidən quruldu - FOTOLAR

  03 Noyabr 2018    Oxunub : 1898
Qax-Zaqatala yolu yenidən quruldu - FOTOLAR
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az-a verilən məlumata görə, layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir.



Yolun ümumi uzunluğu 29,8 km təşkil edir. Qax-Zaqatala yolu 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. 2 hərəkət zolaqlı olan və hərəkət hissəsinin eni 7 m, çiyinlərin eni isə 2.5 m olmaqla yolun ümumi eni 12 m təşkil edir.



Tikinti layihəsinə əsasən yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yola 3 laydan ibarət (10+7+5 sm) yeni asfalt-beton örtük döşənib.



Yol üzərində düz bucaqlı və dairəvi en kəsikli 52 ədəd suötürücü boru tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə yeraltı keçidi tikilib. Layihə çərçivəsində Qum çayı üzərində uzunluğu 23.2 m və Süzgənc çay üzərində uzunluğu 46 m olan dəmir-beton körpülər inşa edilib, Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı şəkildə bərpa və bərkitmə işləri aparılıb.



Yol boyu yaşayış məntəqələri hüdudlarında uzunluğu 5940 m iki tərəfli və 1900 m uzunluğunda bir tərəfli piyada səkilərinin və 16 yerdə avtobus dayanacaqlarının tikintisi, çiyin hissələrin hamarlanması işləri aparılıb. Yolun hərəkət hissəsinin yağlı boya ilə xətlənməsi, məlumatverici və göstərici nişanların quraşdırılması işləri aparılaraq yekunlaşdırılıb.



Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol əhatə dairəsinə xüsusilə QaxZaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verib. Eləcə də QaxZaqatala rayonları arasında mövcud olan yol məsafəsi xeyli qısalıb.













Azvision.az

Teqlər: Yol   Qax   Zaqatala