Mənəvi dəyərlərin qorunmasında medianın rolu

Mənəvi dəyərlərin qorunmasında medianın rolu
  03 Noyabr 2018    Oxunub:3630
“Mənəvi dəyərlər” insanı cəmiyyətdə formalaşdıran, inkişafına kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlayıb. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Bu gün Azərbaycanda mənəvi dəyərlərimizin təbliği və təşviqi istiqamətində çox böyük işlər görülməkdədir. Belə ki, dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur.

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Eyni zamanda Azərbaycan xalqının mənəvi dəyələri içərisində bizim dilimiz, dinimiz, müstəqilliyimiz, xalqımızının tarixdən gələn adət-ənənələri var. Biz bunları hifz edib qorumalıyıq. Baxmayaraq ki, dünyada qloballaşma prosesi gedir və bu prosesdə mədəniyyətlərin qovuşmasında bəzən mlli mənəvi dəyələrin bu və ya digər formada aradan qalxması gözlənilir. Bunun qarşısını almaq üçün mənəvi dəyərləri qorumaq bizim üçün çox vacibdir.

Azərbaycanın dünyaya inteqrasiyası müsbət tendensiya sayılsa da, qloballaşma dövründə dünyadan inteqrasiya etdiyimiz bəzi mənfi dəyərlərin ola biləcəyi istisna deyil. Azərbaycanın ali qanunverici orqanı müstəqillik dövründə onlarca belə təpkilərlə qarşılaşmasına baxmayaraq, təzyiqlərə dirəniş göstərdi. Bu gün də ölkəmizin üzvü olduğu bəzi beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, bir sıra qanunlar milli-mənəvi dəyərlərimizə zidd olduğundan qəbul edilmir. Lakin bu, yeganə fakt deyil. Onlarca dəlil göstərmək olar ki, qloballaşma prosesinin iştirakçısı olan Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinin qorunması baxımından KİV-in rolu danılmazdır. Məsələn, xarici siyasətlə bağlı Azərbaycan mediasının göstərdiyi həmrəylik təqdirəlayiq sayıla bilər. Xüsusilə də Qarabağ münaqişəsi istiqamətində xarici diplomatik proseslərdə ölkənin yerli media qurumlarının göstərdiyi təpki dövlət qurumlarının siyasəti ilə üst-üstə düşür və nəticə etibarilə də ölkənin xarici siyasətində əhəmiyyətli rol oynayır.

Bundan başqa qloballaşmanın mənəvi sferaya təsiri əsasən kütləvi informasiya vasitələri, xüsusən telekanallar və həmçinin internet vasitəsilə həyata keçirilir. Kütləvi informasiya vasitələrinin necə böyük bir gücə malik olması məlumdur. KİV bu gün bütünlüklə ayrı bir dünyadır və bu dünya öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyə gəlməz dərəcədə böyük təsir gücünə malikdir. Bu gün kütləvi informasiya vasitələri bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Çünki onsuz həyatımızın hansı istiqamətdə axın edəcəyini düşünmək qeyri-mümkündür.

Gənclərimizin mənəvi-əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Xüsusilə, gənc, yeniyetmə qızlarımızın ağır, mürəkkəb zaman kəsiyində düzgün tərbiyə olunmasında KİV böyük qüvvəyə malikdir. Lakin təəssüf ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına açıq-aşkar böyük zərbələr vurur.

Bazar iqtisadiyyatı dövründə əvəzsiz məfkurə sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır. Təsirli, cəlbedici, məntiqi, reallığa söykənən ibrətli yazılarla mətbuat bu günün problemlərindən söz açmalı, cəmiyyəti maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq və qərəzsiz informasiya ötürücüsünə çevrilməlidir. Çünki yaradıcılıq üçün ən zəngin mənbə həyatdır, yaşayıb-yaradan insanların fəaliyyətidir. TV-də efirə gedən xarici kinofilmlərin, musiqinin təsiri altında formalaşan gənc nəsil ənənəvi mədəni-mənəvi və bədii oriyentirlərdə surətlə uzaqlaşır. Milli şüura və mentalitetə yad olan və ekrandan təbliğ edilən bu amillər gənc nəsil arasında önəmli yer tutmağa başlayır. Bütün bunlar isə öz növbəsində gənc və daha yaşlı nəsil arasında hətta bəzən keçirməsi mümkün olmayan böyük sədd yaradır, onların biri-birini anlamasını çətinləşdirir. Lakin başlıca olaraq kütləvi informasiya vasitələrində gedən materiallarda əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir.

Digər tərəfdən milli-mənəvi dəyələrimizin qorunması və təbliği baxımından Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu mühüm hadisə idi. Çünki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan və milli mənəvi dəyərlərə dayanan islahatların başlıca məqsədi müasir dünya çağırışlarına cavab verən güclü,rəqabətədavamlı və vətəndaşın daha yaxşı yaşadığı dövlətin qurulmasıdır.

Bu vəzifələri yerinə yetirmək üçün xalqımızın özünün milli mənəvi dəyərlərinə, tarixinə sahib çıxması vacibdir. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.
Eyni zamanda önəmli məqamlardan biri də milli-mənəvi dəyərlərimizin qloballaşma prosesi ilə qarşı-qarşıya qoyulmaması, onların bu prosesin içində əriməsinin qarşısını almaqdır. Qloballaşma heç də milli-mənəvi dəyərlərimizdən imtina etmək deyil, əksinə, həmin dəyərlərin daha geniş arealda təbliği üçün böyük fürsətdir.

Fondun əsas məqsədi ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etməkdir. Qısa müddət ərzində Fond mənəvi dəyərlərimizin təbliği baxımından, mənəvi dəyərlərimizin insanlara, xüsusilə gənclərə çatdırılması baxımından davamlı olaraq çox böyük işlər görür, dini dəyərlərin araşdırılması, dini radikalizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, məscidlərin və digər dini abidələrin tikintisinə və bərpasına, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək verir, dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına maddi yardım göstərir.

Bütün bunların fonunda, heç şübhəsiz, ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və geniş təbliğ edilməsində mətbuatın da xüsusi rolu vardır. Çünki, məhz KİV milli mənəvi dəyərləri yeniləşdirib zənginləşdirməkdən əlavə, həm də onu yad təsirlərdən qoruyan ideya-mənəvi qoruyucu rolunu oynayıb. Bu gün mətbuatda və sosial mediada milli adət-ənənələrimizi, milli ideologiyamızı, tariximizi, ana dilimizi, ölkəmizdə mövcud olan ənənəvi dinimizi qorumağın, o cümlədən sosial şəbəkələr vasitəsilə gənc nəslə təbliğ etməyin yolları müzakirə edilir, milli adət-ənənələrimizlə mədəni inkişafımızın vəhdəti araşdırılır və geniş ictimaiyyətə çatdırılır. Odur ki, Fondun və mətbuatın birgə fəaliyyəti cəmiyyətdə müəyyən səbəblərdən meydana gələn neqativ halların xüsusəndə milli və mənəvi dəyələrlərə ziyan vuracaq halların yaranmasına və qarşısının alınmasında ciddi təsir edəcək.

Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu “Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsinə təqdim edilir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Mənəvi   Dəyər   KİV  





Xəbər lenti