Şirkət işçisi həbs olundu - 52 minlik mənimsəmə

  03 Noyabr 2018    Oxunub : 589
Şirkət işçisi həbs olundu - 52 minlik mənimsəmə
Bərdə rayonunda şirkət işçisi polis tərəfindən saxlanılıb.
Azvision.az Report-a istinadən xəbər verir ki, rayonun Mirzə Ələkbər Sabir küçəsində yerləşən "Koroğlu" MMC-nin işçisi, Bərdə şəhər sakini Cəfərov Müşviq Hümbət oğlu MMC-yə məxsus 52 min manat pulu mənimsəyib.

O, şirkətin pullarını yaşadığı evə aparacağı adı ilə 52 min manatı özü ilə götürüb. Sonra isə şirkətin rəhbərliyinə MMC-yə məxsus "Mercedes" markalı avtomobil ilə Yevlax-Ağdam avtomobil yolunun 20-ci kilometrliyində yol qəzasına düşdüyünü, qəzadan sonra huşunu itirdiyini, bu zaman pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Faktla əlaqədar Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Cəfərov Müşviq Hümbət oğlu "Koroğlu" MMC-yə məxsus 52 min manat pulu gizli yolla talayıb ələ keçirmək məqsədilə ilə MMC-nin ofisindən həmin miqdarda pulu götürdükdən sonra vəsaiti Ağdam rayonunun İmamqulubəyli kəndində yaşayan bacanağı İbrahimov Vüqar Qənaət oğlunun yaşadığı evdə gizlədib. Sonra isə Bərdə rayonunda qeyd olunan ərazidə süni avtoqəza şərait yaradıb və şirkətə 52 min manat pulun oğurlandığını deyib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Müşviq Cəfərov şübhəli şəxs qismində saxlanılıb və maddi sübut olan əskinaslar aşkar edilərək istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Polis