“Dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil” - Prezident
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir: "Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır.
Mən qeyd etdim ki, bizim incəsənətimiz, ədəbiyyatımız milli ruhumuzu daha da yüksək səviyyəyə qaldırır. Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda tərbiyə alsın, vətənpərvərlik ruhunda böyüsün və gələcəkdə ölkəmizi ləyaqətlə idarə edə bilsin”.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev