Ötən il Azərbaycanda 440 nəfər vərəmdən ölüb

Ötən il Azərbaycanda 440 nəfər vərəmdən ölüb
  06 Noyabr 2018    Oxunub:1481
"Azərbaycanda ötən il 100 min əhaliyə olan vərəmlə xəstələnmə göstəricisi 39.8 nəfər olub. Ağciyər vərəmi ilə xəstələnmə göstəricisi hər 100 min nəfərə 30.3, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi isə 9.5 nəfər olub"
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

H.Qədirova qeyd edib ki, bu ilin 6 ayı ərzində Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub. Onlardan 1016 nəfəri bakterioloji olaraq təsdiqlənmiş ilkin xəstələr, 437 nəfəri kliniki təsdiqlənmiş ilkin xəstələr, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir.

"Bu ilin 6 ayı ərzində ölkədə ilkin ağciyər vərəminin genetik formalarına gəlincə, 251 nəfər ocaqlı vərəm xəstələri, 1145 nəfər infiltrativ xəstələr, 74 nəfər gecikmiş vərəm formaları ilə aşkar olunan xəstələrdir. Bu ilin 6 ayı ərzində xəstələrin 237-də vərəm plevriti, 81-də sümük oynağı vərəmi, 32-də döş qəfəsi daxili limfa düyünlərinin vərəmi, 52-də periferik limfa düyünlərinin vərəmi, 14-də sidik cinsiyyət sisteminin vərəmi, 14-də vərəm mezadeniti, 3 nəfərdə isə vərəm meningiti aşkarlanıb. Vərəmli xəstələrin 1/3-i qadınlar, 2/3-i isə kişilərdir. Amma zamanla qadınlar arasında vərəmlə xəstələnmə göstəriciləri artır. 2017-ci ildə aşkar olunan vərəmli xəstələrin 60 faizi kişi, 30 faizi qadın, 10 faizi uşaqlardır. Böyüklər və 18 yaşadək uşaqlar arasında gecikmiş və yayılmış formaların rastgəlmə tezliyi azalıb", - deyə H.Qədirova vurğulayıb.

İnstitut direktoru bildirib ki, son 4 ildə uşaq və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricilərində stabilləşmə qeydə alınıb: "Lakin bu, bizi qane etmir, çünki nəticələrin azalmasını istəyirik".

Onun sözlərinə görə, ötən il ölkədə 440 nəfər vərəmdən dünyasını dəyişib: "2017-ci ildə Azərbaycanda 1007 nəfərdə dərmana davamlı (DD) vərəmli xəstəlik aşkarlanıb. Ötən il DD vərəmli xəstələrin müalicəyə cəlb olunması 98 faiz təşkil edib. Bundan əlavə, 3258 təkrar müalicə olunan vərəmli xəstə qeydə alınıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vərəm  





Xəbər lenti