“Bu pulla hansı kinodan danışmaq olar?” - Rafael Hüseynov

  06 Noyabr 2018    Oxunub : 581
“Bu pulla hansı kinodan danışmaq olar?” - Rafael Hüseynov
“Biz çox xoşbəxt insanlarıq və bunun fərqinə varmalıyıq. Arxaya dönüb, keçib gəldiyimiz yola, tariximizə baxmalıyıq ki, haradan haraya gəlmişik. Biz növbəti ilin büdcəsini ikinci müstəqilliyimizin 28-ci ilinə keçiddə, birinci istiqlalımızın artıq 101-ci ilində müzakirə edirik. Bu, böyük xoşbəxtlikdir və istiqlalımızın, müstəqilliyimizin qədrini, dəyərini bilməliyik”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib. O,qeyd edib ki, bu gün büdcədə mədəniyyət sahəsinə ayrılan vəsaitin həcmi yenə sıfırın altındadırsa, biz o zaman istədiyimiz, arzuladığımız nəticələrə çətin çata bilərik:

“Yalnız o zaman Amerikanın, Çinin, digərlərinin qarşısına çıxa bilərik ki, mədəniyyətimiz güclü olsun. Hansı ki, biz tarixən mədəniyyət ölkəsi sayılırıq. Amma büdcədə bunun əksini görmürük, büdcə mədəniyyətə ayrılan vəsait demək olar ki, yox dərəcəsindədir. Biz Niyaziləri, Qara Qarayevləri, Səttar Bəhlulzadələri və digərlərini necə yetişdirə bilərik? Mədənityyətə belə yanaşma varsa, təbii ki, heç nə olmayacaq. Ona görə hesab edirəm ki, mədəniyyətin fəlsəfəsinə yanaşma dəyişməlidir, mədəniyyət sahəsinə ayrılan vəsaitlər qat-qat artırılmalıdır”.

R.Hüseynov kino üçün nəzərdə tutulan vəsaitin artırılmasını təklif edib: “Bu pulla hansı kinodan, uğurlu sənət əsərindən, bədii, sənədli, animasiya filmindən söhbət gedə bilər? Bu il Azərbaycan kinosunun 120 illiyi tamam oldu, hansı ki, Azərbaycan kinosu yarananda dünyanını aparıcı ölkələrində bu yox idi. Amma ayrılan bu pulla kinomuzu necə inkişaf etdirmək, dünyaya təqdim etmək olar?”

Komitə sədri deyib ki, bu gün rayonlarda mədəniyyət obyektlərinin, muzeylərin, kitabxanların çoxu bərbad, nimdaş vəziyətdədir: “Odur ki, Maliyyə Nazirliyi, hökumət mədəniyyət sahəsinə, Mədəniyyət Nazirliyinə ayrılan vəsaitə bir daha qayıtmalı, vəsaitin həcmini artırmalıdırlar”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: