İmtahan nəticələrinin statistik göstəriciləri

  06 Noyabr 2018    Oxunub : 278
İmtahan nəticələrinin statistik göstəriciləri
Oktyabrın 28-də inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatlar açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az-a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 846 nəfəri kişi, 610 nəfəri isə qadın olub.

Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 767 nəfər (qeydiyyatdan keçənlərin 90.6%-i), qadınlar üzrə isə 567 nəfər (qeydiyyatdan keçənlərin 93%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə cəmi 1 nəfər (qadın) qeydiyyatdan keçsə də, imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 5 nəfəri imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 331 nəfəri (158 kişi və 173 qadın) 20‑24 yaş intervalında olan namizədlərdir. 25-29 yaş intervalında isə 251 nəfər (139 kişi və 112 qadın) lazım olan balı toplaya bilib. Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 646 nəfəri, yəni təqribən 97%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 21 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 667 nəfəri (45.8%) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.

Azvision.az

Teqlər: DİM