Evdən qovulan 8 uşaqlı ailəyə dövlət sahib çıxdı

  07 Noyabr 2018    Oxunub : 1138
Evdən qovulan 8 uşaqlı ailəyə dövlət sahib çıxdı
8 uşaq atası olan 71 yaşlı Cavad Cavadovun məsələsi Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin nəzarətindədir. Onun üzləşdiyi problemin həlli istiqamətində Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə iş aparılır.

Bu barədə Azvision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi Zahidə İsrafilova bildirib.
Komitə rəsmisi deyib ki, ailə onlara noyabrın 2-də müraciət edib: “Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. İcra başçısının köməkçisinə ailə barədə məlumat verilib. Ailənin müvəqqəti sığınacaqla təmin olunması ilə bağlı rəsmi sürətdə onlara məktub göndərmişik. İcra hakimiyyətindən bildirilib ki, məsələ tezliklə həllini tapacaq. Həmin gün ailəni Şəmkir rayonuna yola saldıq. Məsələ həll olunana qədər ailə müvəqqəti olaraq Şəmkir rayonunda qohumlarının yanında yaşayacaq”.

Z.İsrafilova qeyd edib ki, həmin ailədə məktəb yaşlı uşaqların təhsilə cəlb olunması üçün işlər aparılacaq: “Hazırda gözləyirik ki, onlar sığınacaqla təmin olsunlar, daha sonra uşaqların məsələsini həll edək. İcra hakimiyyəti məcburi köçkünlər üçün nəzərdə tutulan yataqxanda ailəyə bir otaq veriləcəyini deyib. Ev məsələsində hüquqi yardımın göstərilməsini də bildirmişik. Məlumat verilib ki, hüquqların yenidən bərpası üçün məsələnin yenidən qaldırılması və kişinin ata yurdunda olan payını özünə götürməsi yolunda iş görülsün. Bu məsələ hələ nəzarətdədir. Çalışırıq ki, ailəyə köməklik göstərək”.

Komitə rəsmisi vurğulayıb ki, 71 yaşlı kişi yaşa görə pensiya və çoxuşaqlı ailə olduğu üçün dövlət tərəfindən hər uşağa görə 30 manat pul alır. “Ümumilikdə ailənin gəliri 350 manatdır. Ailə başçısı bunu təsdiqləyib. Onlar əvvəllər kirayədə yaşayıblar. Kişinin 7 uşağı ikinci xanımdandır. Birinci uşaq isə xanımın əvvəlki evliliyindəndir”.

Qeyd edək ki, Şəmkir rayon sakini 71 yaşlı Cavad Cavadovun birinci həyat yoldaşı məhkəmədə qalib gələrək onu öz ata yurdundan qovub. Ev kişinin birinci həyat yoldaşının adına olub. Nəticədə Cavad Cavadov 8 uşaqla evsiz qalıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Komitə