Rusiya səfiri Naxçıvana gedib

  07 Noyabr 2018    Oxunub : 344
Rusiya səfiri Naxçıvana gedib
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.
Azvision.az xəbər verir ki, Ali Məclisin sədri Azərbaycanın və Rusiyanın dost ölkələr olduğunu və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib. Naxçıvan Muxtar Respublikası ilə Rusiya arasındakı əlaqələrin tarixinə nəzər salan Ali Məclisin Sədri qeyd edib ki, hazırda ikitərəfli münasibətlər iqtisadi-ticarət, təhsil, hava nəqliyyatı və turizm sahələrində inkişaf etdirilir. Naxçıvan şəhərində rusdilli məktəb fəaliyyət göstərir, ali təhsil müəssisələri arasında təcrübə mübadiləsi aparılır, Naxçıvan Dövlət Universitetində rus dili ixtisası, ümumtəhsil məktəblərində isə rus dili fənni tədris olunur.

Ali Məclisin sədri əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb və səfirin fəaliyyətinin bu baxımdan səmərəli olacağına əminliyini bildirib.

Mixail Boçarnikov Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinə nəzər salaraq keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Əlaqələrin genişləndirilməsindən danışan diplomat Naxçıvana səfərinin bu mənada mühüm əhəmiyyət daşıdığını bildirib.

Azvision.az

Teqlər: Naxçıvan   Səfir   Görüş