Rəsmi Moskva: Xaçaturovun yerinə 3 namizəd var

 Rəsmi Moskva:  Xaçaturovun yerinə 3 namizəd var
  07 Noyabr 2018    Oxunub:3968
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderləri 8 noyabrda təşkilatın Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında KTMT-nin baş katibi vəzifəsindən geri çağırılan Yuri Xaçaturovun yerinə yeni baş katibin təyin olunması məsələsini müzakirə edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda KTMT-nin yeni baş katibi postuna 3 nəfərin namizədliyi dəyərləndirilir.

“Bu məsələ qapalı rejimdə müzakirə olunacaq. 3 mümkün variant nəzərdən keçirilir: ya 2020-ci ilədək təşkilatın baş katibi vəzifəsini onun müavini Valeri Semerikov (Rusiya nümayəndəsi) icra edəcək, ya da bu posta Belarusun nümayəndəsi seçiləcək, çünki əlifba sırasına uyğun olaraq Ermənistandan sonra Belarus gəlir. Ermənistanın təkid etdiyi üçüncü variant isə odur ki, 2020-ci ilin mayınadək baş katib postuna erməni nümayəndə seçilsin. Üzv dövlətlərin liderlərinin hansı qərarı qəbul edəcəklərini əvvəlcədən proqnozlaşdırmaq çətindir” – Uşakov vurğulayıb.

Putinin köməkçisi onu da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Qazaxıstandan sonra Qırğızıstana keçəcək.

Xatırladaq ki, Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Yuri Xaçaturov İrəvanın təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən,vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   KTMT   Rusiya  





Xəbər lenti