Qubada ABAD-çıların bir iş günü - REPORTAJ (FOTO)

Qubada ABAD-çıların bir iş günü -  REPORTAJ (FOTO)
  08 Noyabr 2018    Oxunub:7642
Sahibkarların xammalının istehsalata transfer edilməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması yönündə mühüm işlər görülür. Quba rayonunda “ABAD” Factory kompleksin təsis edilməsi bu fəaliyyətə yönəlmiş növbəti addımıdır.
ABAD-ın təşkilatçılığı ilə bu gün media nümayəndələrinin Quba "ABAD Factory" İstehsalat Kompleksinə press-turu təşkil edilib.

Media nümayəndələrinə məlumat verilib ki, regionun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşıb. Həmçinin Quba şəhəri Azərbaycanın son zamanlar turizm iqtisadiyyatının ən çox inkişaf etdiyi şəhərlərdəndir.



"ABAD" hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilmi. və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. O qeyd edib ki, ikimərtəbəli, ümumi sahəsi 1500 м²-ə yaxın olan müasir istehsalat kompleksində ABAD-çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir.

"Bura quru meyvələr, qənnadı məmulatları, kompot, süd məhsulları, ət məhsullarının emalı daxildir. Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədi ilə “Quba ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Kompleksdə 10 ABAD-çı ailənin (30 nəfərə yaxın) fəalliyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi artdıqca bu sayın 50 nəfərədək qalxması gözlənilir. Bununla da 30-dək vətəndaş “ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi işlə təmin ediləcək".



Direktor qeyd edib ki, istehsal prosesində ABADçıları xammalla təchiz edəcək yeni ABADçıların prosesə qoşulması da nəzərdə tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradır.

"Burada, həmçinin “Pasha Holding”ın dəstəyi ilə “ABAD Gastro Village” layihəsi və onun nəznində olan “Food truck”lər (təkərli qoşqular) parkı salınıb. “ABAD Gastro Village”-in səyyar şəkildə fəaliyyət göstərməsi şimal regionlarında yaradılmış turizm infrastrukturuna daha da cəlbedici görünüş yaradacaq. “Truck”lər 5 istiqamət üzrə satış aparır: Dönər, Burger, Pizza, Şirniyyat, "ABAD” etno-butiki. “ABAD Gastro Village” kompleksində isə hazırda 20 nəfərin işlə təmin olunması nəzərdə tutulub".



R.Elçiyev qeyd edib ki, gələcəkdə bura turlar təşkil oluna bilər. "Hər iki layihə turizmin inkişafına yönəlib. Mərkəzdə turistlər prosesi şəffaf şüşələr arxasında izləyə bilər. Eyni zamanda “Food truck”lərdə qidalarından istifadə edə bilərlər.

R.Elçiyev bildirib ki, gələn il Bakının Nardaran qəsəbəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi istifadəyə veriləcək.

"Oktyabrın 29-da Şəkidə açılan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin biri də Nardaranda açılacaq. “ABAD” artıq iki ildir ki, fəaliyyət göstərir və artıq üzvlərin sayı 315-ə çatıb. Onlardan 45-i kənd təsərrüfatı istehsalı ilə, 270-i isə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olur.

Daha sonra media nümayəndələrinin İstehsalat Kompleksi ilə tanışlığı başlayıb. Jurnalistlər istehsalat prosesini izləyiblər, eyni zamanda istehsal olunan məhsulları daddılar.



Məhsulunun dadına baxdığımız ABAD-çı Ədalət Niftəliyev bildirib ki, istehsal etdikləri pendir yeganə növlərdəndir. "Bu yeganə pendirdir ki, həm qızarır, həm də hisə verilir. Digər pendirlər isə qızarma prosesində əriyir.

ABAD vasitəsilə bizə burada təqdim edilən avadanlıqlar gün ərzində 1 ton məhsul istehsal etmək gücünə malikdir, hələ ki 100, bəzən də 200 kq pendir istehsal edirik. Ayda hələlik 500-600 manat qazanırıq. Gələcək üçün 2000 manat qazanmaq imkanı var. Hələlik avadanlığa uyğunlaşırıq. Pendirlərimiz 1 kq-ı 20 manata satışa təqdim olunur".

Ət istehsalı ilə məşğul olan ABAD-çı Fazil Ağasiyev deyib ki, texnikaları 600 kq iş gücünə malikdir: "Hələlik gündəlik istehsalat 150 kq-a qədərdir. Burada kolbasa, sosiska, eyni zaçanda toyuq məhsulları da istehsal olunur. Kolbasanın bir kq-ı 24 manata başa gəlir. Bütün məhsullarımız halaldır".



Qənnadı Aqil Babayev manpasının hazırlanma prosesi barədə jurnalistlərə məlumat verib. Onlara təqdim olunan avadanlığın istehsal gücü saatda 110 kq-dır. "Hələki sınaq mərhələsindəyik. Qənnadı məhsullarının tərkibi şəkər tozu, qlükoza, limon duzundan ibarətdir. Onlar 138-140, bəzən də 150 dərəcədə qaynadılır, sonra isə soyutma dəzgahına tökülür, sonra karameli yayırıq".



Qeyd edək ki, ölkədə turizm sahəsində müşahidə olunan inkişaf meyillərinin saxlanılması üçün daim yeni və cəlbedici ictimai iaşə xidmətlərinin təklif edilməsi zəruridir. Bu baxımdan təkərli qoşqular vasitəsilə icra edilmiş “ABAD Gastro Village” layihəsinin ölkəmizin müxtəlif bölgələrində, əsasən də şimal rayonlarında səyyar şəkildə fəaliyyət göstərmək imkanına malik olması və tərtibat baxımından cəlbedici görünməsi bu layihənin uğurlu olacağını deməyə əsas verir. “ABAD Gastro Village” kompleksinin səyyar yerdəyişmələr istisna olmaqla daimi dayanıb-durma nöqtəsi Quba “ABAD Factory”nin önündə təşkil edilmiş “Food truck park”ındadır. Yeni istehsal müəssisəsi bazarın tələbatına uyğunlaşdırılıb, rezidentlər üçün bütün şərait yaradılıb.



Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. “ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən, Quba, İmişli və Şəki rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində ABADçı ailələrə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan 300-dən çox qida məhsulları istehsalı sahəsində çalışan 50-dək ailəyə dəstək göstərilib.



Satışları təşkil etmək məqsədilə “ABAD” paytaxt Bakıda 9 etno-butik yaradıb:

- “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu ərazisində;
- Heydər Əliyev Beynəlxalq Hava Limanın DUTY FREE zonasında;
- Bakı Dəmiryolu Vağzalında;
- “Fairmont Baku” otelində;
- 3 saylı “ASAN xidmət” mərkəzində;
- Şamaxı rayonu Dəmirçi kəndində;
- Qəbələ rayonu “Tufandağ” istirahət kompleksinin ərazisində;
-Şəki rayonu, Şəki Keramika Mərkəzinin nəzdində;
- Beynəlxalq yarışlar zamanı Milli Gimnastika Arenasında.

Bundan başqa, ABAD-çılar tərəfindən istehsal olunan 40-a yaxın brend altında olan qida məhsulları “Bravo” marketlər şəbəkəsində və “Bravo” Koroğlu-da yaradılmış xüsusi “ABAD” Bakaleya-da satışa çıxarılıb.





Aytən Zəhra
Azvision.az


Teqlər: Quba   ABAD  





Xəbər lenti