Parisə gələn Tramp Makronu danladı - "Bu, təhqiredicidir"

  10 Noyabr 2018    Oxunub : 2188
Parisə gələn Tramp Makronu danladı - "Bu, təhqiredicidir"
ABŞ prezidenti Donald Tramp sabah İkinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün Parisə gedib.
Azvision.az “CNN”ə istinadən xəbər verir ki, hazırda Yelisey sarayında Trampla Fransa prezidenti Emmanuel Makronun təkbətək görüşü keçirilir. Fransa prezidenti bildirib ki, Trampla Suriya, İran, Yəmən, Afrika və ticarət məsələlərini müzakirə edəcəklər. ABŞ prezidenti isə öz növbəsində bildirib ki, Makronla görüşü terrorizmlə mübarizəni müzakirə edəcəkləri olduqca vacib görüşdür.

Daha sonra isə danışıqlara ABŞ və Fransa prezidentlərinin köməkçiləri də qoşulacaqlar.

Lakin ABŞ prezidentinin təyyarəsi Parisə eniş etdikdən sonra Tramp Makronla görüşün heç də nikbin keçməyəcəyinə işarə edib. Belə ki, o, Fransa prezidentinin ABŞ-dan asılı olmayan ümumavropa qoşunlarının yaradılması təklifini tənqid edib.

“Fransa prezidenti Makron təzəliklə təklif edib ki, Avropa özünün ABŞ, Çin və Rusiyadan qorumaq üçün müstəqil ordusunu yaratmalıdır. Bu, olduqca təhqiredicidir. Gərək ki, Avropa ilk növbədə NATO büdcəsinə öz payını ödəsin”, – Fransaya ayaq basan kimi Tramp "Tvitter"də yazıb.

Qeyd edək ki, Makronun dəvətilə 11 noyabrda Parisdə İkinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə 60-dan çox ölkənin dövlət və hökumət başçısı, o cümlədən, Rusiya prezidenti Vladimir Putin iştirak edəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Paris   Fransa   ABŞ