Fərhad Abdullayev ipoteka kreditləri ilə bağlı qərarı şərh etdi

 Fərhad Abdullayev ipoteka kreditləri ilə bağlı qərarı şərh etdi
  10 Noyabr 2018    Oxunub:3043
"2018-ci il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul edilib"

Azvision.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məqaləsində qeyd edib.
O, bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun son qərarlarından biri olan Bakı Apellyasiya Məhkəməsinin və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müraciətləri əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11-ci və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli qərarında, ilk növbədə, kredit xətti müqaviləsinin mahiyyətinə aydınlıq gətirilib. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki qanunvericiliyin əqd, öhdəlik və müqavilə barədə normalarını əlaqəli şəkildə təhlil edərək hesab etmişdir ki, tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.

F.Abdullayev daha sonra qeyd edib: "Konstitusiya Məhkəməsinin Plenumu öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminliklə bağlı qeyd etmişdir ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır.

Bununla da, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Eyni zamanda, qeyd edilmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir".

Azvision.az



Teqlər: İpoteka   Kredit  





Xəbər lenti