Kitabdan ekrana | Qanadları qırılmış `Çalıquşu`

Kitabdan ekrana | Qanadları qırılmış `Çalıquşu`
  30 Oktyabr 2013    Oxunub:11241
AzVision.az yeni rubrikasını oxucuların ixtiyarına verir: ` Kitabdan ekrana`. Biz bu rubrikada məşhur əsərlərin kitab, kino və serial versiyalarını qarşılıqlı təhlil və müqayisə edərək, ədəbiyyatın ekran həyatını qiymətləndirməyə çalışacağıq.

İlk olaraq hazırda Türkiyənin `Kanal D` televiziyasında seral formatında yayımlanan və Azərbaycanda da maraqla izlənən `Çalıquşu` əsərindən başladıq.

`Çalıquşu` romanı:

Dövründən, məkanından asılı olmayaraq insan və onun iç dünyasını olduğu kimi, heç bir ideoloji, milli, dini çərçivələrə salmadan təsvir edən əsərlər heç vaxt təsirsiz qalmır. Rəşad Nuri Güntəkin “Çalıquşu” romanı da belə əsərlərdəndir.

O, bu əsəri 1922-ci ildə yazıb, ilk Cümhuriyyət dövründə. Elə romanda bəhs olunan hadisələr də bu dövrə - XX əsrin əvvəllərinə, Birinci Dünya müharibəsi dövrünə təsadüf edir. Roman ilk tənqidçilər tərəfindən dövrün gənclərinə heç bir idealist duyğular, düşüncələr aşılaya bilməyən adi bir sevgi romanı kimi dəyərləndirilib.



90 il ərzində əsər təkcə Türkiyədə 48 dəfə çap olunub, 3 dəfə ekranlaşdırılıb. İndi də dəyərləndirilir və ən oxunaqlı kitablardan biridir.

Roman Anadolu cəmiyyətinin müəyyən mövzulara baxışını əks etdirir. Əslində romanı idealist mövqedən uzaq dəyərləndirən tənqidçilər haqlıdırlar. Amma onu adi bir eşq romanı adlandırmaq ciddi səhvdir. Bu, eynən ona bənzəyir ki, Tolstoyun “Anna Karenina”sını dövrün tənqidçiləri `sadə məişət romanı` adlandırmışdılar. Məncə, burada mövzu heç də yalnızca eşq deyil, sosial problemlər də deyil, heç bürokratik əngəllər də deyil. Hər şeyin dərinində bütün böyük yazarların gəlib çıxa bildikləri mövzu - insan, onun ruhu və onu sıxışdıran kütlə, ətraf aləm mövzusu durur.

Fəridənin, qoca doktorun simasında insanlığın addımbaşı toplum basqısı qarşısında dirənməsini, mücadiləsini, bəzən də təslim oluşunu seyr edirik. Qaranlığa gömülmüş Zeynilərdən insan düzəltmək mümkün deyil. Yazıçı qəhrəmanını seçim etməyə vadar edir. Xilas edilməsi mümkün olan varlıq - Munisədir, bir də Rəcəbdir. Hətta uşaq yaşlarından kimin kütlənin soyuq, qaranlıq, qəddar basqısı altında itib gedəcəyi, kimin öz içindəki mərhəmət, ədalət hissinin təsiri altında xilas olacağı bəllidir.

Toplumun dışladığı insanlar - Fəridə, Xeyrullah bəy, Munisə, Munisənin anası - onlar ətrafın baxışlarına görə əxlaqsızdır, namussuzdur. Halbuki içlərində hamının gəzdirə bilmədikləri bircə şey - bir parça ürək gəzdirə bilirlər. Munisənin anasının “əxlaqsızlığından” qorxan Fəridə axırda özü də diyarbədiyar bu çirkab atanların əlindən qaçmalı olur. Burda hər şeyin dərinində dışlanan sevgi, insanlıq, azadlıq amili var.

Gözəl yazılan əsərlər yeni heç nə demir, kəşf etmir, sadəcə həyat həqiqətlərini, gerçəkləri göstərə bilir. Həyatın dibinə enməyi nə qədər bacarırsa o qədər cana yaxın olur. Hər hansı bir əsərdə yazar özünü ən çılpaq şəkildə bir obrazda ifadə edir. O obrazın böyüklüyü yazarın açıla bilmə dərəcəsindən asılı olacaq. Rəşad Nuri Güntəkinin açıldığı, özünü köçürdüyü obraz Xeyrullah bəydir.

`Çalıquşu` filmi:

İlk dəfə 1966-cı ildə türk kinosunun rejisoru, senaristi və aktyoru Osman Fahir Seden tərəfindən eyniadlı, ağ-qara film çəkildi. Baş rollarda Türkan Şoray, Kartal Tibet çəkilmişdilər.



Deyilənə görə 1960-cı illərin bütün məşhur teatr və kino aktyorlarının bu filmdə bir rolu olmuşdu. İndiki dövrə görə çox sadə film təsiri doğursa da, onunla türk kinosunda böyük kadrlı filmlər dönəmi başlamışdı.

İkinci dəfə yenə Osman Fahir Şeden tərəfindən 1986-cı ildə ekranlaşdırıldı. Baş rollarda Aydan Şener, Kenan Kalav və başqaları çəkilmişlər. Bu filmlə `Çalıquşu`, Rusiyada, Türk cümhuriyyətlərində də tanındı. Azərbaycanda da `Çalıquşu` filmi 1990-cı illərdə televiziya kanallarında yayımlandı və böyük tamaşaçı rəğbəti qazandı. Türk filmi məhz bu filmlə ənənəvi qeyri-təbiiliyi, bayağılığı, yüngül macəraçılığı sındıra bilmişdi. Məhz buna görə bu film belə geniş arealda tamaşaçı marağına səbəb olmuşdu.

Filmdə aktyor oyunu mükəmməldir, səmimilik və təbiilik hiss olunur. Aktyorların seçimi də heyrət doğuracaq dərəcədə uğurludur. Xarakterlər tamdır, bitkindir. Hadisələrin məntiqi ardıcıllığı, uyğunluğu əsərdə olduğu kimi saxlanıb. Təbiət təsvirləri, Anadolu mənzərələri - hər şey məhz olmalı olduğu kimidir.



Esin Engin tərəfindən bəstələnmiş muiqiləri isə filmə başqa bir gözəllik qatır. Qısacası, film başdan-başa yazarın demək, yansıtmaq istədiklərini anladır.

`Çalıquşu` serialı:

Burak Özçivit və Fahriye Evcenin baş rollarını oynadığı yeniləşmiş `Çalıquşu` serialı texniki cəhətdən əvvəlkilərdən daha üstündür. Amma Rəşad Nuri Güntəkin ruhunu daşıdığı söylənilə bilməz.



İlk səhnələrin fərqli təsiri, etkisi əvvəlcə `bu serialdan nəsə gözləmək olar` fikrini yaradır, amma sonrakı təəssürat bu təsirin ancaq texniki tərtibatdan doğduğunu ortaya qoyur. Serial ənənələrinə uyğun olaraq hadisələrin təbii axarı pozulub, qondarma, yersiz süjet xəttləri əlavə edilib, personajların xarakteri qondarma maraqyaratma ənənələrinə qurban edilib.

Bəzi hadisələr həddindən artıq, yersiz şəkildə dramatikləşdirilib ki, burda sırf izləyicinin emosiyaları ilə oynamaq cəhdləri sezilir.

Məntiqsizlik, bayağılıq, səthilik bütün seriallara aid olduğu kimi, burada da özünü göstərir. Daha əvvəlki bəzi türk seriallarına baxanda, hətta artıq dərəcədə... Serialların kütlə üçün çəkildiyini, kütlə marağının nəzərə alındığını bəhanə edənlərə cavab elə köhnə `Çalıquşu` filminin özüdür. Bu filmə ən ucqar kəndlərdə də baxırdılar və indi də baxırlar. `Çalıquşu` serialı isə sabun köpüyü kimi partlamağa məhkumdur.

Qısacası, serial sanki orijinal əsərin tar-mar edilməsi məqsədilə çəkilib.

Sevinc Hacıyeva
AzVsion.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti