Polkovnik: “Naxçıvan əməliyyatından Paşinyanın da xəbəri var”

  13 Noyabr 2018    Oxunub : 2439
 Polkovnik: “Naxçıvan əməliyyatından Paşinyanın da xəbəri var”
“Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar hər kəsə bəllidir. Hazırda Naxçıvan istiqamətində vəziyyət sabitdir”

Bunu AzVision.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyanın növbəti sərəsəm bəyanatına münasibət bildirərkən deyib.
Ş.Ramaldanov vurğulayıb ki, Tonoyanın fikirləri həqiqəti əks etdirmir: “Həqiqət odur ki, bir neçə ay əvvəl Naxçıvanda uğurlu əməliyyat aparılıb. Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurları əks etdirən foto və video materiallar mediada ətraflı yayımlanıb. Bundan Paşinyan başda olmaqla bütün ermənilərin xəbəri var. Naxçıvandakı bölmələrimiz müəyyən bir ərazini azad ediblər. Hazırda orada mühəndis-istehkam, möhkəmlənmə işləri gedir. Artıq əvvəlki postlar irəli çəkilib və 26 ildən sonra böyük bir ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Gerçək budur ki, Azərbaycan Naxçıvan istiqamətində dövlət sərhəddindən o tərəfə keçməyib. Ordumuz işğal olunmuş torpağını qarşı tərəfi atəş açmağa imkan vermədən hazırlıqlı əməliyyat keçirərək azad edib. Əgər atəş açılsadı, ermənilər məhv ediləcəkdi. Bu əməliyyatdan sonra biz Qarabağa gedən strateji yolu nəzarətdə saxlayırıq. Bizim heç kimin torpağında gözümüz yoxdur. Məqsədimiz sadəcə işğal altındakı torpaqlarımızı azad etməkdir”.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Tonoyanın bir müddətdən sonra bu barədə danışmasının səbəbləri Azərbaycan tərəfinə məlumdur: “Ermənistanda seçkiqabağı çox böyük daxili-siyasi gərginlik var. Bu gərginlik müxtəlif istiqamətdə cərəyan edə bilər. Ona görə Paşinyanın komandasında olan vəzifəli şəxslər hansı yolla olur-olsun öz ictimaiyyətinin diqqətini sosial problemlərdən yayındırmağa çalışır. Çünki Paşinyan küçə hərəkatında və baş nazir olduqdan sonra böyük vədlər verirdi. Bu vədlər isə yerinə yetirilməyib. Ermənistan xalqının vəziyyəti getdikcə daha acınacaqlı hal alır, dövlət müxtəlif güclərin təsiri altına düşür. Onlarsa, Ermənistanda öz maraqlarını təmin etməyə çalışırlar. Bunu bilən cəmiyyət isə narahatdır”.

Ş.Ramaldanov əlavə edib ki, Naxçıvan əməliyyatından sonra qonşu erməni kəndlərindən köç başlayıb: “Bir neçə kənd boşalmaq üzrədir. Ona görə ki, erməni tərəfi qorxu içindədir. Fikrimcə, buna əsas da var. Əgər Azərbaycan məcbur qalıb əks-hücum, anti-terror əməliyyatı keçirməklə işğal olunmuş torpaqlarını erməni qüvvələrindən azad etməyə başlasa, bu savaş vaxtı hansısa tapşırıqları Naxçıvandakı silahlı birləşmələrlə müştərək yerinə yetiriləcək. Çünki Qarabağa gedən və hazırda müşahidə etdiyimiz təminat yolu ilə daşınmaları məhdudlaşdıracağıq. İşğal olunmuş torpaqlarımızın azad edilməsi bütün Azərbaycan Silahlı Qüvvələrinin vəzifəsidir. Ona görə də Naxçıvan və ya başqa yerdəki birləşmələrimiz fərq etməz, onlar öz vəzifələrini yerinə yetirəcəklər”.

Qeyd edək ki, Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan Azərbaycan Ordusunun Naxçıvan istiqamətində heç bir ərazini azad etmədiyini, yalnız öz sərhədləri daxilində irəliləyərək mövqelər arasında məsafəni azaltdığını və Ermənistanın heç bir zaman həmin ərazilərə nəzarət etmədiyini söyləyib. O, eyni zamanda özü-özünü təkzib xarakteri daşıyan “Azərbaycan tərəfinin fəaliyyəti barədə məsələ beynəlxalq instansiyalarda qaldırılıb” kimi sərsəm fikrilər səsləndirib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Ramaldanov   Tonoyan   Qarabağ