Avropa Parlamentinin ermənipərəst üzvü Albaniyada "qara siyahı"ya salındı

Avropa Parlamentinin ermənipərəst üzvü Albaniyada "qara siyahı"ya salındı
  13 Noyabr 2018    Oxunub:2342
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etdiyinə görə, XİN-in "qara siyahısı"na salınan və haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılan Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarus növbəti qalmaqalla gündəmdədir.
Azvision.az xəbər verir ki, erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə, ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət dolu çıxışları səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunub.

Eleni Teoxarusun beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Onun Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı, Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilib. Nəticədə belə bir qərar qəbul edilib.

Əslində Albaniyanın qərarı heç də təəccüb doğurmur. Çünki bu şəxs ekstremist çıxışları ilə suveren bir dövlətin təhlükəsizliyinə, asayişinə təhlükə törədir. Bu isə Albaniyanın qərarında nə qədər haqlı olduğunu göstərir. Azərbaycan və Ukraynadan sonra Albaniyanın Teoxarusu “qara siyahı”ya salması belə qərarların heç də bu qəbildən olan sonuncu qərar olmayacağını təxmin etməyə imkan verir. Çünki sifarişlə işləmək bu insan xislətidir. Əgər sifarişləri yerinə yetirməyə davam etsə, kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk AP üzvü “statusu”nu da qazana bilər.

Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən, brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Çünki Eleni Teoxarus Karampetyanla dərin əlaqələrə malikdir. Onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı da elə Karampetyandır.

Daha bir məqamı diqqətinizə çatdıraq. Bir müddət öncə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbist təşkilatı Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler də şübhə obyektinə çevrildiyindən bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Ermənistanın Almaniyadakı səfirinin də adı hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. Albert Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb. Elə bu səbəbdən Almaniya kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib.

Nəhayət, Eleni Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar, Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Eleni-Teoxarus   Albaniya   AP  





Xəbər lenti