"Fransa ən milliyyətçi ölkədir" – Tramp

  13 Noyabr 2018    Oxunub : 1988
"Fransa ən milliyyətçi ölkədir" – Tramp
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Amerikadan asılı olmayan, müstəqil ümumavropa qoşunlarının yaradılması barədə təklifini Parisdən qayıtdıqdan sonra da tənqid atəşinə tutmağa davam edib.
Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, Tramp "Tvitter"də Makronun fransızlar arasında reytinqinin azaldığını və bu səbəbdən də, ümumavropa qoşunlarının yaradılması ideyasını ortaya ataraq diqqəti başqa səmtə yönəltməyə çalışdığını yazıb.

“Problem ondadır ki, Emmanuel Fransada reytinqinin aşağı olmasından əziyyət çəkir – fransızların cəmi 26 faizi onu təqdir edirlər. Fransadakı işsizlik səviyyəsi isə 10 faizdir. O, sadəcə başqa mövzuya keçməyə cəhd etdi. Yeri gəlmişkən, dünyada Fransadan daha milliyyətçi ölkə yoxdur: çox qürurlu xalqdır və bu da tamamilə məntiqlidir” – Tramp bildirib.

Daha sonra isə Tramp digər bir tvitlə “... Fransanı yenidən böyük edin” yazıb. Bununla Trampın Makron hakimiyyətini səmərəsiz hesab etdiyindən fransızlara mesaj ünvanladığı, yoxsa Fransa hökumətinə “dəstək” göstərmək niyyətinin olduğu aydınlaşmayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Fransa   ABŞ