Cümhuriyyətin 100 illiyi ilə bağlı Kolumbiyada qəbul keçirilib - Fotolar

Cümhuriyyətin 100 illiyi ilə bağlı Kolumbiyada qəbul keçirilib -  Fotolar
  14 Noyabr 2018    Oxunub:3366
Azərbaycan Respublikasının Boqotadakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiyanın Parlamentində qəbul keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Azərbaycan-Kolumbiya Parlamentlərarası dostluq qrupunun üzvləri və parlamentin hər iki palatasının nümayəndələri, bir sıra ölkələrin səfirləri, Kolumbiyanın Xarici İşlər Nazirliyinin əməkdaşları, ictimai-siyasi və mədəniyyət dairələrinin yüksək vəzifəli nümayəndələri, ölkədə yaşayan həmvətənlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Hər iki ölkənin dövlət himnləri parlamentin orkestri tərəfindən canlı ifa edildikdən sonra Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov toplaşanlara ölkəmizin şanlı müstəqillik tarixi barədə məlumat verib. Qeyd olunub ki, 28 may 1918-ci il tarixində İstiqlal Bəyannaməsi ilə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublikadır. 23 ay yaşayan, lakin xalqımızın tarixinin ən parlaq səhifələrindən olan ilk parlamentli respublika Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin təsis edildiyini, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquqla verdiyini vurğulayıb. Müvəqqəti işlər vəkili birinci Respublikanın ən mühüm nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğunu diqqətə çatdırıb.



Həmid Zeynalov qeyd edib ki, 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərilən Azərbaycan parlament nümayəndə heyəti Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail oldu və bu barədə BMT-nin Cenevrə bölməsinin kitabxanasında yerləşən Millətlər Liqasının arxivində Azərbaycana aid 36 min səhifəni əhatə edən orijinal sənədlər saxlanılır. Müvəqqəti işlər vəkili bildirib ki, SSRİ dağılandan sonra ölkə 1990-cı il Yanvar faciəsi, daxili siyasi böhran və torpaqlarının işğalı ilə qarşılaşıb və bu çətin vəziyyətə düşən müdrik Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevə müraciət edib, onu respublikaya rəhbərlik etməyə çağırıb. “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamını xatırladan H.Zeynalov bunun bariz nümunəsi kimi bu bayrağın ölkəmiz hələ müstəqilliyini bərpa etməzdən öncə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasında qaldırıldığını bildirib. Diplomat qeyd edib ki, 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin, dirçəlişinin başlanğıcı olub. Heydər Əliyevin vaxtilə qoyduğu möhkəm bünövrə əsasında Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Həyata keçirilən sosial-iqtisadi islahatlar, eləcə də beynəlxalq münasibətlərdə artan nüfuzu ilə müstəqil, suveren və demokratik Azərbaycan birinci respublikanın dəyər və ideallarını reallaşdırıb.



Həmid Zeynalov BMT çərçivəsində Ermənistan–Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə Kolumbiyanın Azərbaycanın mövqeyini davamlı dəstəkləndiyinə və Kolumbiya Senatı tərəfindən Xocalı soyqırımına dair qəbul olunmuş qətnamə ilə bağlı dərin təşəkkürünü bildirib. Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına mühüm töhfələr verdiyini diqqətə çatdıran diplomat ölkəmizin beynəlxalq hüququn tələb etdiyi kimi, suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə sadiq olduğunu ifadə edib. Sonda Həmid Zeynalov qədim tarixə, mədəniyyətə, özünəməxsus qonaqpərvərliyə malik olan ölkəmizin Ümumdünya “EXPO-2025” sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürdüyünü bildirib. Azərbaycan əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşdiyi, özünün unikal və geostrateji mövqeyi ilə ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında siyasi, ticari və mədəni körpü rolunu oynadığı vurğulayıb. Diplomatik nümayəndəliyin rəhbəri sözügedən tədbirin bu günədək Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda keçirilmədiyini qeyd edib, qalib gəldiyi təqdirdə regionun inkişafına böyük təkan verəcəyini və sərginin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi coğrafiyası genişlənə biləcəyin diqqətə çatdıraraq, Kolumbiya hökumətini Azərbaycanın namizədliyini dəstəklənməyə çağırıb.



Tədbirin davamı olaraq Azərbaycan-Kolumbiya Dostluq qrupunun kordinatoru, Kolumbiya Parlamentinin keçmiş vitse-prezidenti, Senator Daira de Jesus Galvis Mendez çıxış edərək, Kolumbiya Parlamenti adından Azərbaycan xalqını əlamətdar hadisə münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Senator Bakıya səfərini və ölkəmizdə keçirdiyi bir sıra görüşləri xatırlayaraq, ölkəmizin böyük siyasətdə atdığı addımlar nəticəsində Azərbaycanın siyasi sabitliyə və iqtisadi tərəqqiyə nail olduğunu bildirib, Kolumbiya dost ölkə kimi Azərbaycanın bu uğurlarına sevindiyini diqqətə çatdırıb. Daha sonra Senator Daira Galvis Azərbaycan Xalq Cümhuriyyəti 100 illik yubileyi ilə əlaqədar Kolumbiya Senatının Prezidenti Ernesto Maciasın imzası ilə perqament kağızda çap edilmiş təbrik məktubunun Həmid Zeynalova təqdim edib.

Azvision.az


Teqlər: AXC   Kolumbiya  





Xəbər lenti