Azərbaycanda məlumatlar harada və necə qorunur? - MÜSAHİBƏ (FOTOLAR)

Azərbaycanda məlumatlar harada və necə qorunur? -  MÜSAHİBƏ (FOTOLAR)
  16 Noyabr 2018    Oxunub:9033
"İnformasiya təhlükəsizliyi və İT xidmətlərinin idarə olunması sahəsində dünyanın ən qabaqcıl təcrübələrini tətbiq edirik"
“AzInTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyevin Azvision.az-a müsahibəsi:

– Öncə Data Mərkəzi barədə məlumat almaq istərdik.

– Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin regional Data Mərkəzi 05 dekabr 2016-cı il tarixində istifadəyə verilib. 2017-ci ilin aprel ayından etibarən isə infrastruktur əsaslı İT həllər təqdim edərək kommersiya fəaliyyətinə başlamışıq. Data Mərkəzimiz təkcə Azərbaycanda deyil, həmçinin Cənubi Qafqaz regionunda “TIER III” sertifikatı ilə təltif olunmuş yeganə Data Mərkəzidir. “TIER III” (yüksək təhlükəsizlik tələblərinə cavab verən) sertifikatı ABŞ-ın “Uptime Institute”u tərəfindən verilib. Bu sertifikat dizayna və infrastruktur uyğunluğuna görə verilir. Burada proses belədir ki, ilk növbədə siz planlaşdırdığınız və inşa etdirmək istədiyiniz Data Mərkəzinin dizaynını verirsiniz. Həmin dizaynın “TİER III” standartlarına uyğunluğunu müəyyənləşdirən sertifikat verilir. İnfrastruktur hazır olandan sonra isə müxtəlif stress-testlər keçirilir və sonra artıq həmin mərkəzin infrastrukturunun “TİER III” standartlarına uyğun olub-olmadığı müəyyənləşdirilir və buna müvafiq sertifikat təqdim edilir. Bir çox data mərkəzləri ancaq dizayn üçün sertifikat alır, reallaşdırılması çətin olduğu üçün infrastruktur uyğunluğu sertifikatını ala bilmir. Lakin bizim Data Mərkəzimiz həm dizayn, həm də infrastruktur uyğunluğu sertifikatını əldə etməyə nail olub. “TİER III” sertifikatına malik olan mərkəzlər 99,982% etibarlılıq dərəcəsinə malik olurlar. Bu o deməkdir ki, Data Mərkəzində istənilən infrastruktur ehtiyat prinsipi ilə qurulub. İstənilən element orada ikili istifadə olunur. Bu da elementlərdən birində nasazlıq yaranarsa, fəaliyyətini dayandırmaması üçün digərinə keçmək imkanı verir.



Data Mərkəzində il ərzində yolverilən boşdayanma cəmi 1,6 saat təşkil edir. Xidmətlərimizin yüksək səviyyədə göstərilməsini təmin etmək üçün il ərzində daxili və xarici auditlər keçirilir. Bundan əlavə, daxili proseslərin daimi olaraq təkmilləşdirilməsi üzərində işlər aparılır. Yüksək etibarlılığı təmin etmək üçün aidiyyəti şirkətləri cəlb etməklə informasiya təhlükəsizliyi və İT xidmətlərinin idarə olunması sahəsində dünyanın ən qabaqcıl təcrübələrini tətbiq edirik. Qeyd etmək lazımdır ki, Data Mərkəzi “İnformasiya xidmətlərinin idarə olunması (ISO 20000)” və “İnformasiya təhlükəsizliyinin idarə olunması (ISO 27001)” sertifikatlarına da layiq görülüb.



– Təhlükəsizlik necə təmin olunub?

– “AzInTelecom” MMC-nin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə strateji əhəmiyyətli binalar sırasına daxil edilib və fasiləsiz olaraq mühafizə olunur. Təhlükəsizliyə 2 aspektdən yanaşırıq: fiziki və məntiqi müdafiə. Data Mərkəzinin fiziki qorunmasından danışsaq, burada çoxpilləli yanaşma tətbiq olunur: fasiləsiz rejimdə biometrik daxilolma, videonəzarət və “ağıllı” siqnalizasiya. Yanğına qarşı mühafizəyə gəldikdə isə, son texnologiyalara cavab verən tüstünün aşkar edilməsi və qaz vasitəsilə yanğınsöndürməni qeyd etmək olar. Bu sistem vasitəsilə binada hava ölçülür, istənilən xırda dəyişiklik, toz, istiliyin artması, havada cüzi miqdarda yanğın elementi müşahidə olunarsa, artıq sistem işə düşür. Bütün bunlar onu göstərir ki, Data Mərkəzində olan sistem yanğının qarşısını ən molekulyar səviyyədə alır və buna görə də yanğın baş vermə ehtimalı çox azdır. Data Mərkəzində saxlanılan bütün məlumatların təhlükəsizliyinə gəldikdə isə, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması, xidmətdən paylanmış imtina hücumlarının (DDoS) qarşısının alınması və müasir şəbəkə təhlükəsizlik sisteminin adını qeyd etmək olar.



– Etibarlılıq nə dərəcədə təmin olunur?

– Etibarlılıq bizim üçün ən mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Burada ilk növbədə enerji təchizatının təmin olunmasından bəhs etmək istərdim. Data Mərkəzi iki transformatorla təchiz olunub. Enerji təchizatının fasiləsizliyini təmin etmək üçün üç mənbəli enerji və 72 saat fasiləsiz çalışmanı təmin edən çənə malik ikili dizel generatordan istifadə edirik. Lakin bu o demək deyil ki, qəza zamanı yalnız 72 saat enerji verilir, çənə dizel töküldükcə fasiləsizlik təmin olunur. İki enerji mənbəyinə malik avadanlıqlar və çoxsaylı “uplink” xətləri hesabına xüsusi ehtiyat soyutma sistemi mövcuddur. Etibarlılığın digər mühüm cəhəti də qoşulmanın üzərində dayanır. Yüksək ötürülmə sürətinə malik iki ayrıca əsas provayder (backbone) vasitəsilə qoşulmanın etibarlılığını tam təmin edirik. Ən əsası isə, bizdə mövcud olan ölkədaxili şəbəkə (local exchange ring) sayəsində beynəlxalq internetlə bağlı fors-major hal baş versə belə, bizim xidmətlərin fasiləsizliyi təmin olunur. Bundan başqa, sistemin fasiləsiz işləməsi üçün vahid sıradan çıxma nöqtələrinin aradan qaldırılması, yüklənmənin tarazlaşdırılması, klasterizasiya, rezervləmə və bərpa sistemi, virtuallaşdırma texnologiyalarını tətbiq edirik.

– Təhlükəsizlik və etibarlılıq barədə danışdınız. Lakin 100 faiz qorunma hər zaman mümkün olmur. Tam təhlükəsizlik üçün hansı işlər görülür?

– Biz maksimum dərəcədə təhlükəsizliyi təmin etməyə çalışırıq. Lakin 100 faizli heç nə olmadığına görə “AzInTelecom” MMC Data Mərkəzində qorunan məlumatları maksimum dərəcədə etibarlı saxlamaq üçün hazırda Yevlax şəhərində inşası 2019-cu ilin birinci rübündə bitməsi planlaşdırılan ehtiyat Data Mərkəzi tikilir. Bu o deməkdir ki, Bakı şəhərində hər hansı fövqəladə hadisə baş verərsə, coğrafi rezervlənməsini təmin etmək üçün 300 km uzaqlıqda yerləşən Yevlax şəhərində Data Mərkəzinin ehtiyat nüsxəsinin yaradılması üzrə işlər aparılır. Ehtiyat Data Mərkəzinin inşası texniki imkanlarımızı bir qədər də genişləndirməklə, İP əsaslı Multimedia Subsisteminin (İMS) coğrafi rezervlənməsini mümkün edəcək. 2019-cu ilin məqsədlərindən biri isə Yevlax Data Mərkəzinin “TİER III” infrastruktur uyğunluğu sertifikatına da malik olmasıdır.



– Data Mərkəzinin təqdim etdiyi xidmətlərə maraq hansı səviyyədədir?

– Sevindirici haldır ki, Data Mərkəzinə maraq çoxdur, müştərilərin sayı gündən-günə artır. 2018-ci ili 2017-ci illə müqayisə etsək, böyük fərq müşahidə edərik. Belə ki, müştərilərimizin sayı 2017-ci il ilə müqayisədə 8 dəfə artıb. Data Mərkəzinin ilkin olaraq dövlət müəssisələri üçün inşa edilməsinə baxmayaraq, hazırda qeyri-dövlət təşkilatları tərəfindən Data Mərkəzin xidmətlərinə daha böyük maraq göstərilməkdədir. Bu səbəbdən, bu gün müştərilərin böyük qismini özəl təşkilatlar təşkil edir. Özəl sektor təmsilçilərinin marağının ilkin gözləntilərimizdən daha artıq olması isə çox sevindiricidir. Təbii ki, bu istiqamətdə görüləcək işlər hələ də çoxdur, amma apardığımız maarifləndirmə fəaliyyətinin nəticələrini görmək işimizi düzgün istiqamətdə qurmağımızın göstəricisidir. Bu baxımdan, “AzInTelekom” MMC-nin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə maliyyə sektoru təmsilçiləri üçün keçirilmiş birgünlük tədbiri qeyd etmək istərdim. Tədbir zamanı sektor təmsilçilərinə verdiyimiz məlumat və fikir mübadiləsi üçün yaranan platforma Data Mərkəzinə olan marağı nəzərəçarpacaq dərəcədə artırıb və bu fəaliyyətin nəticəsi olaraq bizə müştərilərdən yeni müraciətlər daxil olmağa başlayıb. Artan müraciətlərin fonunda onu da vurğulamaq istərdik ki, Data Mərkəzi informasiya təhlükəsizliyinin, etibarlılığın artırılması, qəza hallarının aradan qaldırılması, kapital xərclərinin minimuma endirilməsi üçün bütün infrastrukturla təchiz olunub.



– Yaranandan sonra informasiyaları xarici bazalarda saxlayanlar sizə müraciət ediblərmi?

– Müştərilərimiz arasında öz bazalarını “Azure”, “Amazon Web Services (AWS)” kimi servislərdə saxlayanlar da var idi. Onlar xidmətlərini valyuta, biz isə Azərbaycan manatı ilə təklif edirik. Ən böyük risk ondan ibarətdir ki, ölkədə işləyərək gəlir əldə edən təşkilat öz xərcini valyutaya bağlamamalıdır. Çünki valyutada istənilən dəyişiklik riskə səbəb ola bilər. Bizim Data Mərkəzinin göstərdiyi xidmətlər manatla təqdim olunur, heç bir valyutaya bağlı deyildir. Bu gün müştəri kimi gələnlər manatla əldə etdiyi xidməti davamlı olaraq manatla ödəyəcək. Onu da qeyd edim ki, təklif etdiyimiz qiymətlər daha münasibdir. Çünki “AWS”-də hər hansı virtual serveri götürməklə yanaşı, həm də transmissiyası, məlumatların ötürülməsi və çıxarılması əlavə ödəniş deməkdir.



–Digər ölkələrdən müraciətlər olurmu?

- Bu gün bəzi xarici müştərilərimiz olsa da, istədiyimiz səviyyədə deyil. Hazırda xaricdə xidmətlərimizin satışını təşkil etmək üçün özünəxidmət platforması yaradırıq. Belə ki, standart paketlər təklif edəcəyik və xaricdə yaşayan insan istədiyini seçə biləcək. Sözügedən platformanın 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu istiqamətdə həyata keçiriləcək işlər xaricdən gələn təkliflərin sayının daha da artmasına səbəb olacaq.

– Bildiyimiz kimi, xidmətlərin spektrini genişləndirməyi planlaşdırırsınız. Yaxın gələcəkdə hansı yeniliklər gözlənilir?

– Hazırda infrastruktur əsaslı xidmətlər (yaddaş, hesablama, şəbəkə və yerləşdirmə xidmətləri) və fərdi həllər təklif olunur. Bu yaxınlarda “Microsoft” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Microsoft (MS) Windows Server” əməliyyat sistemi və “Microsoft Office 365” lisenziyasının satışına başlamışıq. Gələcəkdə İaaS (İnfrastruktur əsaslı xidmətlərin genişlənməsi), PaaS (Platforma xidmət kimi), SaaS (Proqram təminatı xidmət kimi) kimi xidmətlərə şaquli inteqrasiya nəzərdə tutulub. Bir çox dünya miqyaslı təşkilatlarla danışıqlar aparılır. Xidmət tipli həllərin 2019-cu ildə daha da genişləndirilməsini planlaşdırırıq.

Bildirmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin “Hökumət buludu”nun (G-Cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər barədə Fərmanına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.

Fərmanda qeyd olunan “Azərbaycan Respublikasının telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 2.4.5-ci yarımbəndinin icrası məqsədilə “Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq, dövlət qurumlarının Data Mərkəzinin infrastrukturuna və xidmətlərinə olan tələbatlarının müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Sözügedən layihə Azərbaycan Respublikasında dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, bublik hüquqi şəxslərin informasiya sistemlərinin və elektron xidmətlərinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılacaq “Hökumət buludu”nda (G-Cloud) təşkili məqsədini daşıyır.

Aidiyyəti dövlət qurumlarının İT infrastrukturuna dair məlumatlar əldə olunduqdan sonra növbəli şəkildə “Hökumət buludu”nda (G-Cloud) layihəsi üçün nəzərdə tutulan Data Mərkəzinə miqrasiya planı hazırlanacaq.







Aytən Zəhra
FOTO: Şahin Sərdərov

Azvision.az


Teqlər: Data-Mərkəz  





Xəbər lenti