Norveç səfirliyinin gedişi - Bakı heç nə itirmir...

  15 Noyabr 2018    Oxunub : 763
Norveç səfirliyinin gedişi - Bakı heç nə itirmir...
Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik, digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırmasına da bu kontekstdə baxmaq lazımdır. Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyevin dediyi kimi, bu, Norveç hökumətinin öz işidir və sıradan olan adi bir hal kimi qəbul olunmalıdır. Norveçin səfirliyini bağlaması Azərbaycan hökumətində təəssüf doğurmasa da, bu yanaşmanı ölkədəki bəzi müxalif dairələrə aid etmək mümkün deyil.
Bu təəssüfün nədən qaynaqlandığını başa düşmək üçün çox da uzaq keçmişə baxmaq lazım deyil. Bir neçə il öncə Norveçin Azərbaycandakı səfiri Steynar Gil diplomatik protokol qaydalarına uyğun gəlməyən hərəkətlərə yol verərək Azərbaycan və Norveç arasındakı əlaqələrə böyük zərbə vurub. Həmin şəxs səfir statusunu daşıdığı halda, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhdlər göstərib və ikitərəfli əlaqələrlə məşğul olmaq əvəzinə müxalifətin mitinqlərində iştirak edərək digər bu qəbildən olan qeyri-legitim fəaliyyətlər həyata keçirib. Bütün bunlar müxaliflərin təəssüfünü başa düşməyi çətin etmir.

Norveç səfirliyini bağlama qərarı versə də, Slovakiya və Çili hökumətləri iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycanda səfirliyin açılması barədə qərar qəbul ediblər. Yalnız son həftə ərzində iki dövlətin Azərbaycanda diplomatik nümayəndəliyini təsis etmək qərarı ölkəmizin dövlət başçısının rəhbərliyi altında aparılan uğurlu xarici siyasəti nəticəsində artan nüfuzundan xəbər verir.

Beynəlxalq əlaqələrinin coğrafiyasını davamlı şəkildə genişləndirən ölkəmiz bu gün istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini inkişaf etdirir və dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Bu səbəbdən Slovakiya və Çili ölkələrimiz arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi məqsədilə yaxın vaxtlarda Azərbaycanda səfirlik statusunda diplomatik nümayəndəliklərini açmaq niyyətində olduqlarını bildiriblər.

Belə ki, Azərbaycan Respublikasına rəsmi səfər zamanı Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ölkəsinin Azərbaycanda tezliklə səfirlik açacağını söyləyib. Avropa İttifaqı, xüsusilə onun üzvləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Artıq ona yaxın Aİ-yə üzv ölkəsi ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Bu xüsusda, Aİ üzv ölkəsi olan Slovakiyanın ölkəmizdə diplomatik missiyasını təsis etməsi qərarı Azərbaycana göstərilən diqqətin və marağın bariz nümunəsidir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın Slovakiyada səfirliyi yoxdur.

Çili Respublikasının Xarici İşlər Nazirliyi 2018-ci ilin 14 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək, iki ölkə arasında münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq ölkəmizdə yaxın vaxtlarda Çili Səfirliyinin açılacağını bəyan edib.

Qeyd edək ki, Azərbaycan erməni diasporunun güclü olduğu Latın Amerikası ölkələri ilə münasibətlərinin inkişafına xüsusi önəm verir. Ölkəmizin sözügedən regionun 7 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Müvafiq olaraq bu gün Latın Amerikasının bir çox ölkələrinin, o cümlədən Argentina, Braziliya, Meksika, Peru, Kosta-Rika, Venesuela və Kubanın Azərbaycanda diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Mütəmadi olaraq həmin region ilə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirilir.

Xatırladaq ki, Azərbaycanda iqamətgahı Bakıda olmaqla 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Bunların içərisində 25 səfirlik Avropa ölkələrinə məxsusdur. Həmçinin, ölkəmizdə 4 Baş konsulluq fəaliyyət göstərir. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Bundan əlavə, Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 10-dan artıq fəxri konsulluğu fəaliyyət göstərir. Ümumilikdə isə Azərbaycan xarici ölkələrdəki səfirliklərinin sayını artırmada maraqlıdır.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Norveç   Səfirlik