“Gənclərin həyatı çox dəyişib” - Nazir

“Gənclərin həyatı çox dəyişib”  -  Nazir
  16 Noyabr 2018    Oxunub:2027
"Əminliklə demək olar ki, Azərbaycanda gənclər siyasəti ardıcıl və sistemli aparılıb, onun nəticələri ölçülə biləcək göstəricilərlə sübut edilir, dünyada gedən bir sıra proseslərə adekvat cavab verir"
Azvision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gənclərinin VIII Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan gənc ölkədir, əhalisinin təxminən 30 faizi gənclərdir.

"Gənclər siyasətinin ən böyük uğuru odur ki, gənc nəsil birmənalı olaraq Azərbaycanın müstəqilliyini böyük tarixi dəyər kimi dərk edir, gənclər onu müdafiə etməyə və möhkəmləndirməyə hazırdır. Gənclərlə bağlı ilk forumdan 22 il keçib, bu müddətdə gənclərin həyatı çox dəyişib. Müzakirə edilən mövzular və forumların keçirilmə formatı da dəyişib. Dəyişməyən isə məqsəddir - Azərbaycan gənclərinə, onların problemləri və həlli yolları, nailiyyətləri və gələcəklə bağlı düşüncələrini müzakirə etmək üçün şərait yaratmaq, gənclərin səsini eşitməkdir".

Nazir qeyd edib ki, gənclər siyasəti ölkənin müstəqil tarixində uğurla inkişaf edən sahələrdəndir: "Gələcək nəsillər, tədqiqatçılar, xüsusilə qeyd edəcək ki, Prezident İlham Əliyevin insan kapitalının inkişaf strategiyasında gənclərə qayğı əsas prioritetlər sırasındadır. Ölkə daxili maraqlarla yanaşı, gənclər sahəsində beynəlxalq çağırışlara da diqqət artır. Beynəlxalq əməkdaşlıqda Azərbaycan gəncləri fəallaşır. Azərbaycan maraqlarının xaricdə müdafiəsində gənclər və gənclər təşkilatları daha yüksək fəallıq göstərirlər. Əminliklə demək olar ki, Azərbaycanda gənclər siyasətinin müstəqil, düşünülmüş tərzdə, uzunmüddətli məqsədlərlə aparılmasının başqa bir göstəricisi odur ki, bu sahə heç bir mərhələdə başqa quruma "əlavə vəzifə" kimi tapşırılmayıb, həmişə vahid mərkəzi orqan tərəfindən -Gənclər və İdman Nazirliyi tərəfindən icra olunub. Qeyd etmək lazımdır ki, bir sıra inkişaf etmiş Avropa və dünya ölkələrində, MDB məkanında belə olmayıb".

Nazir sonda qeyd edib ki, forum çərçivəsində aparılan müzakirələr əməli nəticələr əldə etməyə töhfə verəcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Azad-Rəhimov  





Xəbər lenti