Vergi islahatları: ƏDV üzrə güzəşt nə verəcək? – TƏHLİL

  16 Noyabr 2018    Oxunub : 13736
 Vergi islahatları: ƏDV üzrə güzəşt nə verəcək? – TƏHLİL
Növbəti ildə büdcə-vergi siyasətində həyata keçiriləcək tədbirlər sırasında əlavə dəyər vergisi (ƏDV) üzrə cəlb olunan dövriyyəni tədricən genişləndirmək (topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətləri və sair), bu sahədə mövcud vergi güzəştlərini azaltmaq istiqamətində addımlar atmaq, o cümlədən, nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə pərakəndə satış və içtimai iaşədə nağdsız ödənişlər üzrə (POS terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri vermək, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-in müəyyən hissəsini istehlakçılara qaytarmaq nəzərdə tutulur.
Söhbət vergi sahəsində köklü islahatların həyata keçiriləcəyindən gedirsə, bu, sözsüz ki, ƏDV-ni də əhatə etməli idi. Ümumiyyətlə, ölkədə vergiyə dair dəyişikliklər, islahatlar həyata keçirilən zaman hər dəfə yazmışam ki, ƏDV-ni həm differensiallaşdırmaq, həm də dərəcəsini aşağı salmaq yolu ilə yumşaltmaq, onun bütövlükdə dövlət büdcəsi üçün əsas gəlir mənbələrindən biri kimi çıxış etməsi faktını məhdudlaşdırmaq lazımdır.

Qeyd edim ki, dövlət büdcəsinin gəlirlərində Vergilər Nazirliyi xəttiylə toplanılan vergilər sırasında ƏDV mənfəət və fiziki şəxslərdən gəlir vergisindən sonra üçüncü yer tutur. Növbəti ilin, yəni 2019-cu ilin dövlət büdcəsində də sözügedən vergi növü üzrə daxilolma 1804,0 milyon manat səviyyəsində nəzərdə tutmaqla, yenə də mənfəət və fiziki şəxslərdən gəlir vergisindən sonra üçüncü ən böyük məbləğ yerində gəlir.

Bəs, adı çəkilən vergi növü üzrə gələn il ərzində nəzərdə tutulan yeniliklər və dəyişiklər onun dövlət büdcəsi gəlirlərində payı azaldacaqmı? Başqa sözlə, 2019-cu ildə büdcənin ƏDV üzrə “itkisi” çox olacaqmı? Ümumiyyətlə, ƏDV üzrə tətbiq olunacaq islahat əsasən, nəyə xidmət edəcək?

Gələn ildən pərakəndə satış və içtimai iaşədə nağdsız ödənişlər üzrə (POS terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərin veriləcəyi, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-in müəyyən hissəsinin istehlakçılara qaytarılması xüsusi əhəmiyyət daşıyacaq. Çünki bu sahədə artıq, təcrübə var. Belə ki, 2016-cı ilin iyul ayından ölkədə "Tax free" adlanan sistem fəaliyyət göstərib. Hansı ki, əcnəbi şəxslər tərəfindən ölkə ərazisindən alınan istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən ƏDV-in sonradan geri alınmasını ehtiva edirdi. Yəni, buna dair xüsusi mexanizm fəaliyyət göstərib.

Ölkəmizdə vəsait ödəyərək müəyyən adda mal alan xarici vətəndaşlar tərəfindən ƏDV-in geri qaytarılması, keçən ildən yerli vətəndaşlar üçün də tədbiq olunmağa başlandı. Belə ki, sözügedən mexanizm onların da istifadə alətinə çevrildi ki, bu da, “shopping festival” dövründə tədbiq edildi. Və bu özü də, çox mühüm stimullaşdırıcı tədbir xarakteri daşıdı. Hələ onda belə bir sual ortaya çıxmışdı ki, "Tax free" sistemi çərçivəsində 1 milyon manatdan artıq pul vəsaiti əcnəbilərə qaytarıldığı halda, görəsən, bunun ölkəmiz və dövlət büdcəmiz üçün nə xeyri var? İzah etmişdim ki, büdcə ƏDV-dən 1 milyondan artıq vəsait itirsə də, digər vergi növlərindən əlavə gəlir qazanıb. Belə ki, əcnəbilərin pul xərcləmələri və alışı artıb. Yəni, qeyd olunan 1 milyon manatdan artıq vəsaitin geri ödənişi hesabına ticarət genişlənib. Başqa sözlə, dövriyyə artıb.

Yeri gəlmişkən, «Tax Free» sistemində əcnəbilərə 300 manat məbləğindən artıq alınmış mallar üzrə ƏDV-in qaytarılması nəzərdə tutulurdusa, “shopping festival” dövründə vətəndaşlarımız üzrə bu məbləğ 100 manat təşkil etdi. Yəni, daha çox stimullaşdırıcı xarakter daşıdı. Və uyğun olaraq da, ticarət xeyli cəlbedici xarakter daşımaqla pul xərcləmələri bir az da artdı.

Ümumiyyətlə, qeyd olunan məsələdə başlıca məqsəd daha çox satışa nail olmaq, ticarəti genişləndirmək, mümkün dərəcədə böyük məbləğlərdə pul xərclənməsinə müəssər olmaq idi. Nəticədə də həm daxili, həm də xarici turizmin inkişafına əlavə dəstək əldə edilərək, ticarət dövriyyəsinin genişlənməsinə, dövlət büdcəmizin şaquli deyil, üfiqi istiqamətdə milyonlarla vəsait qazanmasına şərait yaradılmaqla, bir sıra yerli məhsulların istehsalında stimul təşəkkül tapmış oldu.

Gələn il ölkədə ƏDV üzrə tədbiq olunacaq tədbirlər də elə faktiki olaraq, eyni məqsəd daşıyır. Və əsas etibarilə, qeyd olunan hədəfə xidmət edir. Sadəcə, bu dəfə ortada əlavə olaraq, nağdsız hesablaşmaları stimullaşdırmaq, ticarət və xidmət sahəsində dövriyyənin tam olaraq leqal xarakter daşımasına müvəffəq olmaq kimi istək və məqsədlər vardır ki, bu da kölgə iqtisadiyyatı amilinə qarşı mübarizə vasitələrindən biri sayılır.

Xatırladıram ki, tədbiq olunacaq yeniliyə əsasən, ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı olan kəs, topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri ala biləcək. Belə ki, vətəndaş aldığı mala görə əgər, ödənişi nağdsız həyata keçiribsə, əldə etdiyi çekləri təqdim etdiyi zaman ƏDV-in 15%-ni, nağd şəkildə edibsə, 10%-ni geri alacaq. Beləliklə də, bununla qeyd etdiyim kimi dövriyyəni rəsmiləşdirmək, nağdsız əməliyyatları stimullaşdırmaq başlıca hədəfə çevriləcək.

Düzdür, ƏDV üzrə geri alınacaq məbləğ faiz nöqteyi-nəzərindən onun az hissəsini təşkil edəcək. Lakin bu, ilk addım sayılır. Növbəti mərhələdə geri alınacaq məbləğ ƏDV-in daha çox faizini təşkil edə bilər. «Tax Free» sistemində olduğu kimi...

Təkrar edirəm, «Tax Free» sistemində əcnəbilər üçün 300 manat məbləğindən artıq alınmış mallar üzrə ƏDV-in qaytarılması nəzərdə tutulurdu. “Shopping festival” dövründə isə vətəndaşlarımız üzrə bu, 100 manat təşkil etdi.

ƏDV-yə dair növbəti ildə atılacaq addımlar onun büdcə gəlirlərində payına da ciddi təsir göstərməyəcək. Belə ki, cari ildəki ilə müqayisədə cəmi 9,0 milyon manat, yəni 0,5% az təşkil edəcək. Başqa sözlə desəm, 2019-cu ilin dövlət büdcəsində ƏDV üzrə daxilolma yuxarıda qeyd etdiyim kimi 1804,0 manat təşkil edəcək ki, bu da cari ilin müvafiq proqnozu ilə müqayisədə bayaq qeyd olunan rəqəmlər səviyyəsində az olacaq.

Sözün qısası, ƏDV kimi vergi növləri üzrə güzəştlər kölgə iqtisadiyyatını leqallaşdırmaq, ticarəti artırmaq və genişləndirmək, dövriyyəni sürətləndirmək və yüksəltmək, nağdsız hesablaşmalara stimul yaratmaq və sair üçün çox əlverişli vasitədir. Ümumiyyətlə, dolayı vergilərdə ardıcıl endirimlərə getməklə, birbaşa vergilərdə artıma nail olmaq büdcə-vergi siyasətində islahatların onurğasını təşkil etməlidir. Başqa sözlə desəm, dərəcələrin aşağı salınması və müxtəlif güzəştlərin tədbiqi bazanı genişləndirməyə xidmət etməlidir. 2019-cu ildə ƏDV üzrə yürüdüləcək siyasətin məğzini də məhz bu, təşkil edəcək.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: ƏDV   Vergilər