Həsən Turabovun xatirəsi anılıb

Həsən Turabovun xatirəsi anılıb
  16 Noyabr 2018    Oxunub:1491
Noyabrın 15-də Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Həsən Turabovun 80 illik yubileyi ilə bağlı xatirə tədbiri keçirilib.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Həsən Turabovun həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış olublar.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubiley tədbirinin Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən təşkil olunduğunu vurğulayıb. Qeyd edib ki, mərhum sənətkarın 80 illiyi münasibətilə respublikanın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir, aktyorun yaradıcılıq yoluna bir daha nəzər salınır.

Vaqif Əliyev sənətkarın ömür yolundan, çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünya görüşlü obrazların kino və teatr tarixində qoyduğu silinməz izlərdən danışıb: “Görkəmli aktyorun adı çəkiləndə, ilk növbədə, onun yüksək sənətkarlığı ilə seçilən səhnə və ekran obrazları canlanır. Həsən Turabov sənətdə bəxti gətirən aktyorlardan idi. O, Azərbaycan incəsənətində öz sözünü demiş tanınmış sənətkarların əhatəsində olduğu üçün qısa müddətdə sənətdə püxtələşib. Hələ ikinci kursda təhsil alarkən telestudiyada fəaliyyət göstərən aktyor truppasına işə götürülüb, bir müddət radio və televiziyada diktorluq edib. Yəni o, səhnə, ekran məharətindən öncə aydın, səlis nitqi ilə tamaşaçı və dinləyicilərin rəğbətini qazanmağa başlamışdı. 1960-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərən sənətkarda aktyor üçün tələb olunan bütün keyfiyyətlər – fitri istedad, əzəmətli səs, ən əsası isə yüksək səhnə mədəniyyəti cəmləşmişdi. Həsən Turabov Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların mahir ifaçısı kimi teatrın aparıcı səhnə ustalarından birinə çevrilir. Onun simasında bu teatra yeni ruh, yeni nəfəs gəlir”.

Nazir müavini diqqətə çatdırıb ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesinin tamaşasında canlandırdığı Kamran obrazı Həsən Turabovun əsl aktyor portretini formalaşdırdı. Onun “Hamlet”, “Ölülər”, “Vaqif”, “Aydın” və digər məşhur səhnə əsərlərində canlandırdığı obrazlar qalereyası teatr mədəniyyətimizin inkişafına mühüm töhfədir: “Usta aktyor həyat verdiyi hər bir qəhrəmanı ilə yüksək sənətkarlıq örnəyi yaradıb. Buna görə də görkəmli rejissorlar Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov və başqaları Həsən Turabovla sıx yaradıcılıq ünsiyyəti qurmuşdu. Həsən Turabov kinoda da teatrdakı uğurlarını təkrarlamağa müvəffəq olub. Sənətkarın kino qəhrəmanları da səhnə obrazları kimi canlı, yaddaqalan və seviləndir. O, ümumilikdə 50-dən çox filmdə müxtəlif xarakterli rolda çəkilib, müsbət rollarını sevdirə bildiyi qədər, mənfi obrazlara da tamaşaçıda kəskin nifrət hissi yaratmağı bacarıb. Rejissor kimi də özünü uğurla sınayan Həsən Turabov “Atları yəhərləyin” və “Tənha narın nağılı” filmlərinə quruluş verib. Həsən Turabov yüksək sənətkarlığı ilə yanaşı, nümunəvi ictimai fəaliyyəti, təşkilatçılığı ilə də seçilirdi. O, 1987-2001-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri vəzifələrində işlədiyi dövrdə sənət ocağında neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdu”.

Vaqif Əliyev ölkəmizdə mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından da danışıb. Bildirib ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına töhfə verən sənətkarlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur, təqaüd və mükafatlara, fəxri adlara, təltiflərə layiq görülürlər. Azərbaycan incəsənətinə mühüm töhfələr vermiş Həsən Turabov da ulu öndər Heydər Əliyevin mədəniyyət qayğıkeşliyinin bəhrəsini görən, yüksək dövlət təltifləri ilə mükafatlandırılan sənətkarlardandır. Həsən Turabovun Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yüksək qiymətləndirilib, o, 1971-ci ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 1998-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.

Yubiley gecəsində sənətkarın oynadığı tamaşalardan səhnələr, rol aldığı filmlərdən fraqmentlər nümayiş edilib.

Anım tədbirinin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rejissor assistentləri Elnur Məmmədov və Tural Mustafayevdir.

Azvision.az


Teqlər: Həsən-Turabov  





Xəbər lenti