Jurnalistlər "Mazımçay" postunda - FOTOLAR

Jurnalistlər "Mazımçay" postunda -  FOTOLAR
  18 Noyabr 2018    Oxunub:4956
Noyabrın 17-də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna səfəri təşkil edilib.
Azvision.az xəbər verir ki, məqsəd media nümayəndələrinə gömrük prosedurlarını, sərhədkeçmə prosesini, gömrük nəzarətini əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub.



Məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sisteminə (VAİS) daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.



Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov bildirib ki, Komitə dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb. Onun sözlərinə görə, bukletlərdə ölkəyə idxal olunan mallar barədə ətraflı məlumat verilir. Bu bukletlər üçün xüsusi dolablar hazırlanır və burada həm Dövlət Gömrük Komitəsinin, həm də digər dövlət qurumlarının müvafiq məlumatlandırıcı sənədləri yerləşdiriləcək. Hazırda layihə pilot mərhələsindədir və tezliklə icra ediləcək.



Azər Abasov onu da bildirib ki, bu ilin oktyabr ayında "Mazımçay" gömrük postundan 21 mindən çox nəqliyyat vasitəsi keçib.

Səfər çərçivəsində jurnalistlər "Mazımçay" gömrük postunun müvəqqəti saxlanc anbarı ilə də tanış olublar. Onlara malların müvəqqəti saxlanc anbarına götürülməsi və təhvil verilməsi ilə bağlı qanunvericiliyin müvafiq müddəaları barədə izahat verilib.



Qeyd edək ki, anbarda saxlanılan məhsulların arasında Ermənistan istehsalı olan mallar - "Armenia" adı ilə gətirilən müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr dəvar. Bunların bir hissəsi ölkəyə gələn turistlərdən götürülüb. Ümumilikdə isə bu adda saxlanılan əşyaların sayı 100-ə yaxındır.



Səfər çərçivəsində yaxın vaxtlarda tətbiq ediləcək yeni layihə - elekton növbə sistemi barəsində də məlumat verilib. Bildirilib ki, bu sistem vasitəsilə vətəndaşlar sərhədi keçməmiş burada sıxlığın vəziyyəti barədə əvvəlcədən məlumat ala biləcəklər. Yeni sistem tətbiq edildikdən sonra internetə çıxışı olan istənilən məkandan gömrük-keçid məntəqəsindəki vəziyyət barədə məlumat almaq imkanı əldə ediləcək. Sistemdə gömrük-keçid məntəqəsindəki sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək və vətəndaş sıxlığın az olduğu tarixdə sərhədkeçməni həyata keçirə biləcək. Bu sistem həm də sərhədkeçmə vaxtı sıxlığın yaranmaması üçün balansın qorunmasına şərait yaradacaq.



DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov bir müddətdir "bir pəncərə" sistemi çərçivəsində həyata keçirilən "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsi barədə də məlumat verib və bildirib ki, bu məqsədlə gömrük əməkdaşlarına xüsusi kurs keçirilib və proses yekunlaşdırılır.



Layihəyə əsasən, bir nəqliyyat vasitəsinə aid olan bütün prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Üstəlik, yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir.



















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti