Film festivalının qalibləri bəlli oldu

Film festivalının qalibləri bəlli oldu
  19 Noyabr 2018    Oxunub:17470
Bakıda keçirilən IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb. Noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində festivalın bağlanış mərasimi olub, qaliblər elan olunub.
“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsisçiliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan Festival Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına dair tədbirlər çərçivəsində həyata keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək veriblər.

Qaliblərə mükafatları Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, sözügedən şöbənin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri Cəmil Quliyev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Gənclər Fondunun əməkdaşı Orxan Ərəbov, festivalın Beynəlxalq və Yerli müsabiqə proqramının üzvləri təqdim ediblər.

Müşfiq Hətəmov “START”ın gənc kinematoqrafiya sahəsində böyük işlər gördüyünü, gənclərə stimul verdiyini diqqətə çatdırıb. O tezliklə daha bir festivalın da keçiriləcəyinin müjdəsini verib.

Vaxtilə sözügedən festivalın münsiflər heyətində yer aldığını xatırladan Cəmil Quliyev ildən ilə həm yerli, həm də əcnəbi gənclərin festivala marağının artdığını bildirib.



Festivalın direktoru Fehruz Şamıyev beynəlxalq və yerli müsabiqədə “Qızıl nar” uğrunda 30 ölkədən 100 filmin mübarizə apardığını qeyd edib. Beynəlxalq müsabiqəyə daxil edilən filmləri beynəlxalq münsiflər heyətinin üzvləri –Ayaz Salayev (Azərbaycan), Kambuzia Partovi (İran), Gülbara Tolomuşova (Qırğızıstan), Tobias Büxner (Almaniya), Zəhra Bədəlbəyli (Azərbaycan) qiymətləndiriliblər.
Festivalın yerli müsabiqə bölməsinə 28 film daxil edib. Bu müsabiqədə qalibləri üç yerli mütəxəssis - Mirbala Səlimli, İlqar Fəhmi, Cavid Təvəkkülün daxil olduğu münsiflər heyəti seçib.

Beynəlxalq müsabiqənin “Qızıl nar” nominasiyası uğrunda “Ən yaxşı bədii film”- türkiyəli rejissor Onur Yağızın “Topraq”, “Ən yaxşı sənədli film”- iranlı rejissor İman Behruzinin “Əsl məhəbbət”, “Ən yaxşı animasiya filmi”- almaniyalı rejissor Conatan Şvenqin “Daşqın”, “Ən yaxşı eksperimental film”- türkiyəli rejissor Alican Durbaşın “Torpaq” filminə verilib. Rusiyalı rejissor Nataliya Konçalovskaya “Bahar” filmi ilə “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.



Yerli müsabiqənin qalibləri isə “Ən yaxşı bədii film” üzrə Pərviz Gülməmmədovun “Oğul”, “Ən yaxşı sənədli film” üzrə Emil Əlinin “Adam”, “Ən yaxşı rejissor” üzrə Orxan Adıgözəlovun “Bir saniyə”, “Ən yaxşı ssenari” üzrə Fərid Kərimin “Sonar”, “Ən yaxşı operator” üzrə Elvin Əhmədoğlunun “Yaddaş” filmi seçilib.





Azvision.az


Teqlər: Festival   Film  





Xəbər lenti