İlham Əliyev: “Belarus bizim üçün etibarlı tərəfdaşdır”
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşündə deyib.
Prezident deyib ki, beynəlxalq münasibətlər sahəsində əməkdaşlıq da həmişə çox səmərəli və proqnozlaşdırıla biləndir: "Biz həmişə bir-birimizi dəstəkləyirik və düşünürəm ki, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək bizim münasibətlərin səmimiliyini yaxşı nümayiş etdirir. Biz şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Həm keçən il, həm də bu il əmtəə dövriyyəsini xeyli artırmağımıza baxmayaraq, onun artım dinamikası davam edir. Siz qeyd etdiyiniz kimi, sənaye kooperasiyası sahəsində müstəsna müsbət nəticələr əldə edilib. Lakin biz əməkdaşlığı davam etdirmək, qazanılmış səviyyə ilə kifayətlənməmək fikrindəyik. Ona görə ki, sənaye sahəsində əməkdaşlıq potensialını bundan sonra da artırmaq üçün hələ çox iş görmək olar.
Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan həm də Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır: "Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın dünənki iclasında mühüm mövzulardan biri nəqliyyat sahəsi ilə bağlı məsələlər olub.
Əlbəttə, biz Belarusun ikinci Avropa Oyunlarını keçirməyə necə fəal hazırlaşdığını diqqətlə izləyirik. Bu, təbiidir, birincisi ona görə ki, biz dostlarıq. İkincisi, birinci Oyunlar Bakıda keçirilib. Biz inanırıq ki, yaradılmış idman infrastrukturu, qonaqların qalmaları üçün gözəl şərait, habelə Belarusun beynəlxalq tədbirlərin təşkili sahəsində nümayiş etdirdiyi yüksək səviyyə Oyunların da çox yüksək səviyyədə keçirilməsinə imkan verəcək.
Siz qeyd etdiyiniz kimi, biz kənd təsərrüfatı, təhsil və elm sahələrində əməkdaşlığa da böyük diqqət yetiririk. Daha doğrusu, bizim çox yaxşı nəticələr əldə etdiyimiz sahələri sadalamaqdansa, fəal əməkdaşlıq etmədiyimiz sahələri sadalamaq daha asan olar. Bizim münasibətlərimizin başlıca əsası qarşılıqlı dəstək, qarşılıqlı hörmət və qarşılıqlı etimadın yüksək səviyyəsidir. Düşünürəm ki, biz bu əsasda birgə səylərimizlə ölkələrimiz, xalqlarımız üçün yaxşı imkanlar yaradacaq, münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır. Əminəm ki, mənim bugünkü səfərim münasibətlərimizə yeni təkan verəcək.
Qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm və əminəm ki, yaxşı nəticələr ölkələrimiz arasında daha sıx qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq. Sağ olun".
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident