5-ci Minsk səfəri: İrəvanın narahat olmasına səbəblər var

  20 Noyabr 2018    Oxunub : 656
5-ci Minsk səfəri: İrəvanın narahat olmasına səbəblər var
Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Belarusda sayca 5-ci rəsmi səfərində olub. Ölkə başçısı Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirib.
Görüşlərdə ölkələrimiz üçün maraq kəsb edən bir sıra məsələlər müzakirə olunub. Mətbuata birgə bəyanatla çıxışlarında prezidentlər Azərbaycan və Belarusun etibarlı tərəfdaş və mehriban dost ölkə olduqlarını diqqətə çatırıblar.



Prezident İlham Əliyev çıxışında deyib: "Biz həmişə bir-birimizi dəstəkləyirik və düşünürəm ki, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək bizim münasibətlərin səmimiliyini yaxşı nümayiş etdirir. Biz şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Həm keçən il, həm də bu il əmtəə dövriyyəsini xeyli artırmağımıza baxmayaraq, onun artım dinamikası davam edir. Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq".



Lukaşenko isə vurğulayıb ki, Belarus və Azərbaycan xalqlarının dostluğu ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir: “Biz sizinlə dostluğumuzu yüksək qiymətləndiririk və Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazırıq. Bizdə əməkdaşlıq üçün qapalı mövzular yoxdur. Biz heç vaxt hansısa üçüncü, beşinci ölkələrə qarşı əməkdaşlıq etməmişik. Biz xalqlarımızın rifahı üçün nə lazımdırsa edirik. Hər hansı gizli, qapalı mövzular yoxdur və heç vaxt olmayacaq. Biz bütün dünya üçün səmimi və açığıq, bizim qarşılıqlı münasibətlərimiz də elədir”.



Dövlət başçısının Belarusa sayca 5-ci rəsmi səfərini Azvision.az-a şərh edən Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, politoloq Elman Nəsirovun sözlərinə görə, bu səfər bir daha bütün dünyaya nümayiş etdirdi ki, ikitərəfli münasibətlərimiz çox yüksək inkişaf tempinə malikdir və xarakter etibarı ilə strateji məzmun kəsb edir:

“Fundamental məsələlərdə Azərbaycan və Belarusun mövqeləri üstü-üstə düşür. Bizim münasibətlərimiz ilk növbədə sınaqdan çıxmış münasibətlərdir. Azərbaycanla Belarusun dövlət başçıları bunu dəfələrlə sübut ediblər. Uzağa getməyək. 2010-cu ildə Belarusun Rusiyadan qaz alışı ilə bağlı 190 milyon dollar borcu əmələ gəlmişdi. O zaman Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan 2 həftə möhlət istədi. Onlar isə 1 gün belə vaxt vermədilər. Bu halda o, dostu cənab İlham Əliyevə müraciət etdi ki, maliyyə dəstəyinə ehtiyac var. Azərbaycan prezidenti 1 sutka keçmədən öz müsbət cavabını verdi və Belarusa 200 milyon dollar kredit ayırdı. Bunlar Belarus üçün həlledici məqamlar, dəstək idi. Eyni zamanda Belarus da Azərbaycana qarşı münasibətdə dostluq, qardaşlıq mövqeyini ortaya qoyub. Hər kəsin yadındadır ki, Azərbaycan dövləti, dövlətçiliyi əleyhinə hədyanlarla çıxış edən, qondarma rejimə qeyri-qanuni səfərlər edən Aleksandr Lapşin məhz Belarus prezidenti Aleksandr Lukaşenkonun tələbi ilə Minskdə saxlanıldı və Azərbaycana təhvil verildi. Baxmayaraq ki, bu addımına görə Lukaşenko xeyli təzyiqlə üz-üzə qaldı. Amma o, dostluq və qardaşlıq mövqeyindən çıxış edərək Azərbaycanın yanında oldu. Eyni zamanda beynəlxalq hüquqa hörmət etdiyini ortaya qoydu”.



Belarus və Azərbaycanın dostluq-qardaşlıq mövqeyi

Millət vəkili qeyd edib ki, iki ölkə arasında münasibətlər siyasi dialoq sahəsində yüksək mövqeyə malikdir: “Azərbaycan prezidenti İlham Əliyev 5 dəfə Belarusa səfər edib. Həmkarı Aleksandr Lukaşenko isə 4 dəfə Azərbaycana səfər edib. İqtisadi-ticarət münasibətlərimiz yüksək inkişaf tempinə malikdir. 1 il ərzində iqtisadi-ticarət dövriyyəsi 3.5 dəfə artıb. Eyni zamanda humanitar sahədə əlaqələrimiz inkişaf etməkdədir. Minlərlə azərbaycanlı gənc Belarusda təhsil alır. Həmçinin Azərbaycanda Bakı Slavyan Universitetində 2010-cu ildə cənab Lukaşenkonun iştirakı ilə Belarus dili və mədəniyyət mərkəzi açılıb. Anoloji addım Belarusda da atılıb. Minsk Pedoqoji Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Hər iki ölkənin paytaxtlarında qarşılıqlı şəkildə mədəniyyət günləri təşkil edilir”.



Humanitar sahədə də əlaqələrimiz inkişaf etməkdədir

Politoloq vurğulayıb ki, münasibətlərin indiki səviyyəsinin əldə edilməsində prezident Aleksandr Lukaşenkonun müstəsna xidmətləri var: “Elə bu səbəbdən də o, 2016-cı ildə Azərbaycanda səfərdə olarkən ölkə başçısı İlham Əliyev tərəfindən ən yüksək dövlət ordeni olan Heydər Əliyev ordeni ilə təltif edildi. Azərbaycan prezidenti İlham Əliyev də Belarusun ən yüksək ordeni Xalqlar Dostluğu ordeni ilə təltif edilib. Bunlar bir daha onu göstərir ki, dövlətlərimiz, xalqlarımız, prezidentlərimiz dostdur. Bu, münasibətlərimizin indiki səviyyəsini şərtləndirən mühüm amildir”.



Dağlıq Qarabağ münaqişəsində Belarusun qəti və dəyişməz mövqeyi var

E.Nəsirov əlav edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Belarusun mövqetyi qəti və dəyişməzdir.

“Belarusun mövqeyi belədir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik prinsipi çərçivəsində həllini tapmalıdır. Eyni zamanda, Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri yüksək səviyyədədir. Artıq ikitərəfli razılaşmaya əsasən, “Polonez” reaktiv sistemləri Azərbaycana satılıb. Bunlar Ermənistanın Rusiyadan aldığı “İskəndər” raketləri üçün alternativ hesab edilir. Bu isə Ermənistanda çox böyük qısqanclığa səbəb olub.

Xüsusilə də, Belarus prezidenti Aleksandr Lukaşenkonun dövlət başçısının bu ölkəyə səfəri öncəsi Azərbaycanın Belarusdakı səfirini qəbul etməsi, onunla 8 noyabr tarixində Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində müzakirə olunan məsələlər haqqında danışması, onun detallarına toxunması Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın çox ciddi narahatlığına səbəb olub. Hətta iş o yerə çatıb ki, Paşinyan öz ifadələrinə görə gülüş hədəfinə çevrilib. O, deyib ki, 6 dekabr tarixində KTMT-nin Sankt-Peterburq sammitində Qazaxıstan və Belarus prezidentlərindən izahat tələb edəcək ki, onlar niyə Ermənistan əleyhinə mövqe tuturlar. Bu da qarşı tərəflərdə çox sərt reaksiya ilə üzləşib. Belarusun xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəri isə bildirib ki, Paşinyan küçə demokratiyasını beynəlxalq siyasətə gətirmək istəyir və özünü dünyada beynəlxalq prokuror kimi aparıb, kimisə cəzalandırmaq, əfv etmək fikrinə düşüb. Yəni bu gün sözün həqiqi mənasında Ermənistan özü üçün hər zaman güvəndiyi və Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığı KTMT çərçivəsində dalana dirənmiş vəziyyətdədir”.



Əlaqələrin inkişafı üçün yeni imkanlar açılır

Bütün bunları Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyədə olmasının nəticəsi hesab edən millət vəkili bildirib ki, əlaqələr bu səfərdən sonra yeni inkişaf mərhələsinə daxil olacaq: “Biz iqtisadi münasibətklərimizi təkcə ikitərəfli formatda qurmuruq. Eyni zamanda üçüncü ölkələrdə də birgə müəssisələrin açılması məqsədilə əməkdaşlıq niyyətini ortaya qoymuşuq. Bu baxımdan Azərbaycan və Belarus Türkiyədə birgə traktor istehsalını həyata keçirməklə bağlı razılaşma əldə edib və bunu uğurlu layihə hesab etmək olar. Bütövlükdə Azərbaycan prezidenti İlham Əlievin Belarusa sayca beşinci rəsmi səfəri əlaqələrimizin bütün istiqamətlərdə inkişafı üçün yeni imkanlar pəncərəsi açmaqdadır”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Azərbaycan   Prezident   Belarus   Səfər