Nəcməddin Sadıkov türk generalla cəbhədəki vəziyyəti müzakirə etdi

Nəcməddin Sadıkov türk generalla cəbhədəki vəziyyəti müzakirə etdi
  20 Noyabr 2018    Oxunub:1802
Bu gün müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə , qonaqları salamlayan general-polkovnik N.Sadıkov Türkiyə tərəfinə regiondakı hərbi-siyasi, təhlükəsizlik və cəbhə xəttindəki hazırkı vəziyyət barədə məlumat verərək Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyini bildirib. O, diqqətə çatdırıb ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində mümkündür.

İki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğunu xatırladan general-polkovnik N.Sadıkov bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.

Ordu generalı Yaşar Güler də öz növbəsində Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin, görüşlərinin təşkil olunmasının vacibliyini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.



Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan   MN  





Xəbər lenti