Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
  20 Noyabr 2018    Oxunub:1323
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında da iştirak edib.
Dövlət Komitəsindən Azvision.az-a verilən məlumata görə, yığıncağa Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, 60-dan çox diaspor nümayəndəsi və rəhbəri də qatılıb.

Komitə sədri Fuad Muradov çıxış edərək xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu deyib. Son dövrlər diaspor sahəsində görülən işlər, soydaşlarımızın birgə fəaliyyəti haqqında razılaşmaların əldə edilməsi, koordinasiya şuraları və perspektivlər barədə məlumat verib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən soydaşlarımız Amerikada yaşayan azərbaycanlıların problemlərindən danışıb, ana dili məktəblərinin sayının artırılmasının zəruriliyi bildirib, Amerikada yaşayan istedadlı gənclərimizə diqqətin artırılması istiqamətində təkliflər səsləndiriblər. Eyni zamanda, Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Toplantıda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib və Şuranın tam şəkildə fəaliyyətə başlaması üçün müvafiq işçi qrupu yaradılıb.

Soydaşlarımızın fikir və təkliflərinin nəzərə alınacağını bildirən Dövlət Komitəsinin sədri qarşıya qoyulan məsələlərin həll edilməsi üçün koordinasiyalı fəaliyyətin vacib olduğunu deyib. Yalnız bir ölkədə, bir qitədə deyil, bütün dünyada soydaşlarımızın müəyyən bir şəbəkələşməsinin zəruriliyini vurğulayıb.

Azvision.az



Teqlər: Amerika   Komitə   Fuad-Muradov  





Xəbər lenti