Ramil Usubov iki jurnalisti mükafatlandırıb

Ramil Usubov iki jurnalisti mükafatlandırıb
  20 Noyabr 2018    Oxunub:1860
Azərbaycan Polisinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər sırasında tariximizi, polis əməkdaşlarının çətin və şərəfli xidmətini, Vətənə, xalqa, dövlətçiliyə sədaqətini, qəhrəmanlığını təcəssüm və tərənnüm edən yaradıcılıq işləri üzrə elan olunmuş müsabiqə başa çatıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, seçimə onlarla yaradıcılıq məhsulu təqdim edilib və artıq “yarış”a yekun vurulub. “Azərbaycan”qəzetinin şöbə müdiri İxtiyar Hüseynlinin “İstiqlalın canlı sipərləri” yazısı “Ən yaxşı oçerk”, AzTV-nin əməkdaşı Tural Məmmədovun “Azərbaycan Polisi-100” sənədli filmi isə “Ən yaxşı film” nominasiyaları üzrə mükafata layiq görülüb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsabiqənin qaliblərini qəbul edib.

Nazir mükafatçı jurnalistləri təbrik edərək Azərbaycan Polisinin şanlı tarixini, çətin və şərəfli xidmətini yüksək peşəkarlıqla işıqlandırdıqlarına görə onlara təşəkkürünü bildirib. O, polisin 100 illiyi münasibətilə elan edilmiş müsabiqənin tam şəffaf şəkildə keçirildiyini, ekspert qrupu tərəfindən tələblərə cavab verən yaradıcılıq nümunələrinin ədalət prinsipləri əsasında müəyyən edildiyini xüsusi vurğulayıb.

Qeyd olunub ki, müsabiqənin şərtlərinə, sənətkarlıq xüsusiyyətlərinə, Azərbaycan Polisinin xidmətini daha layiqincə geniş oxucu kütləsinə və tamaşaçı auditoriyasına təqdim edə bildiyi üçün adı çəkilən jurnalistlər fərqləniblər.

Nazir Ramil Usubov keçirilən bu cür tədbirlərin polis-media münasibətlərinin daha da dərinləşməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, ölkəmizdə multikultural dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Müsabiqənin qalibləri yaradıcılıq nümunələrinə yüksək qiymət verdiyinə və səmimi qəbula görə daxili işlər nazirinə minnətdarlıqlarını bildiriblər. Sonra onlara diplomlar, pul mükafatları təqdim olunub.

Azvision.az


Teqlər: DİN   Jurnalist  





Xəbər lenti