Azərbaycanda miqrasiya idarəçiliyi təkmilləşdirilir - FOTOLAR

  21 Noyabr 2018    Oxunub : 1316
 Azərbaycanda miqrasiya idarəçiliyi təkmilləşdirilir - FOTOLAR
Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə sıx əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının (Aİ) dəstəyi ilə hazırladığı 2019-2024-cü illər üzrə Azərbaycanın Miqrasiya Strategiyasının məqsədlərinin cəmiyyətə təqdim edilməsi, həmçinin bu sənədin tətbiqi ilə bağlı noyabrın 21-də müzakirələr aparılıb.
Azvision.az xəbər verir ki, müzakirələrdə dövlət qurumlarının, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. BMqT-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Məryəm Hacıismayılova çıxış edərək bildiriblər ki, tədbirin məqsədi strategiyanın miqrasiya sahəsində qlobal səviyyədə müəyyənləşdirilən prinsiplərlə, eləcə də 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinin gündəliyi və bu ilin dekabrında qəbul olunması gözlənilən nizamlı, təhlükəsiz və tənzimlənən miqrasiya üzrə qlobal kompakt sənəd ilə uyğunluğunun müzakirə edilməsidir.



Məlumat verilib ki, dekabrın 10-11-də Mərakeşdə yüksək səviyyəli dövlət və hökumət rəhbərlərinin, üzv dövlətlərin iştirakı ilə qaçqınlar və miqrantlar üzrə Nyu-York Bəyannaməsinin qəbulu və beynəlxalq miqrasiyanın bütün səviyyələri ilə bağlı əməkdaşlığın inkişafına mühüm töhfə verəcək təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üçün qlobal kompakt sənədin imzalanması gözlənilir. Çıxış edənlər Azərbaycanın, o cümlədən Dövlət Miqrasiya Xidmətinin qlobal kompakt sənədin qəbul olunmasına töhfələrini yüksək qiymətləndiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanda bununla bağlı altı tədbir keçirilib. Ümumiyyətlə, Azərbaycanda miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılır. İnanırıq ki, bu gün Bakıda keçirilən müzakirələr qlobal kompakt sənədin qəbulu prosesinə töhfə verəcək. Azərbaycan bu proseslərdə hər zaman fəal rol oynayıb.



Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, beynəlxalq təşkilatlar miqrasiya idarəçiliyini daim diqqət mərkəzində saxlayır və bu prosesdə müxtəlif ölkələrin müvafiq qurumlarına dəstək göstərir. Miqrasiya idarəçiliyi ilə bağlı qlobal kompakt sənədin qəbulu zərurətdən yaranan məsələdir. Bu sənəd hazırkı beynəlxalq konvensiyalara və sənədlərə baxmayaraq, bu sahədə boşluğu doldurmaq məqsədi daşıyır. Azərbaycan hökuməti ilk gündən bu sənədi dəstəkləyib. Qeyd edilib ki, DMX bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla müxtəlif məsləhətləşmələr keçirib. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatından cəlb edilmiş ekspertlərlə sıx əməkdaşlıq aparılır. Çıxışlardan sonra aparılan müzakirələr çərçivəsində BMqT-nin və DMX-nin mütəxəssisləri Azərbaycanın miqrasiya strategiyasında qarşıya qoyulan hədəflərin 2030-cu il gündəliyi və qlobal kompakt sənəd ilə uyğunluğuna dair təqdimatlarla çıxış ediblər.(AzərTac)

Azvision.az

Teqlər: DMX   Miqrasiya   BMqT