Ermənistan və Gürcüstan Kürü zəhərləyir

Ermənistan və Gürcüstan Kürü zəhərləyir
  21 Noyabr 2018    Oxunub:1340
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabrda növbəti monitorinq keçirib.
Departamentdən Azvision.az-a bildiriblər ki, noyabrın ikinci ongünlüyündə Kür çayında suyun sərfi ayın birinci ongünlüyünə nisbətən saniyədə 37 kubmetr artaraq 184 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə olunub.

Noyabrın ikinci ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə, suyun tərkibindəki fenolların miqdarı Şıxlı-2 məntəqəsində 2,1, Ağstafaçayın Qazax rayonu ərazisindən keçən hissəsində 2, Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 1,7, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2-2,1, biogen maddələrdən nitritlərin miqdarı isə 1,4-1,8 dəfə yol verilən qatılıq həddini keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,84-6,82 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

Azvision.az


Teqlər: ETSN   Kür  





Xəbər lenti