8 ildə 3558 nəfər dövlət hesabına xaricdə təhsil alıb

 8 ildə 3558 nəfər dövlət hesabına xaricdə təhsil alıb
  21 Noyabr 2018    Oxunub:2880
"2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" çərçivəsində 3558 nəfər dünyanın müxtəlif ölkələrində təhsil alıb. Onların böyük əksəriyyəti təhsilini bitirərək Azərbaycana qayıdıb və müxtəlif sahələrdə işlərini davam etdirirlər.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, həmin tələbələrin 60 faizi özəl sektorda, 40 faizi dövlət sektorunda işləyir: "Dövlət proqramı çərçivəsində təhsil alan şəxslərin böyük hissəsi əmək fəaliyyəti ilə yanaşı, ali təhsil müəssisələrində akademik fəaliyyətlə də məşğuldurlar. Bu istiqamətdə bir sıra ali təhsil müəssisələri fəallıq göstərir".

C.Bayramov qeyd edib ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” orta və uzun perspektivdə Azərbaycan alimlərinin ali təhsil sistemində olan insanların xarici professor heyəti ilə beynəlxalq tədqiqatların həyata keçirilməsində və yüksək nəticələr əldə etməsinə öz töhfəsini verəcək.

"Dövlət proqramının bir neçə gün əvvəl təsdiq olunmasına baxmayaraq, artıq ali təhsil müəssisələrindən müraciətlər daxil olub. Onlar tərəfindən motivasiya görürük. Artıq müraciətlərin sayı kifayət qədər çoxdur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti