Dərman satışı ilə bağlı yeni cəzalar məlum oldu

Dərman satışı ilə bağlı yeni cəzalar məlum oldu
  21 Noyabr 2018    Oxunub:1578
Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.
Azvision.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur.

Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.

Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 2500 manatdan 4500 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 452-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsində nəzərdə tutulan cəzalar həm də aptek təşkilatlarına dair tələblərin pozulmasına da aid ediləcək.
Maddəyə edilən əlavə bəndlərə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə olunur.

Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Dərman   Milli-Məclis  





Xəbər lenti