100 il əvvəlki reportaj: Cümhuriyyətin tanınması necə bayram edilmişdi - TARİXİ ARAŞDIRMA

  100 il əvvəlki reportaj:  Cümhuriyyətin tanınması necə bayram edilmişdi -  TARİXİ ARAŞDIRMA
  21 Noyabr 2018    Oxunub:84207
Yeganə Kamal Cabbarlı
Azvision.az üçün

(Yazının əvvəlini buradan oxuyun.)

Çiçerinin teleqramına Azərbaycan Respublikasının xarici işlər naziri Fətəli Xan Xoyskinin cavabı belə olmuşdu:

“Radioteleqram
Moskva. Xarici İşlər üzrə Xalq Komissarına

Tərəfinizdən 2 yanvar tarixdə göndərilən, mənim 6 yanvar tarixdə aldığım radioteleqrama cavab olaraq, aşağıdakıları xəbər verirəm: Azərbaycan xalqı böyük tarıxı hadisələrin gedişatı ərəfəsində nəhəng qurbanlar və əziyyətlərlə azadlığa və müstəqilliyə nail oldu, demokratik respublika ilə başlayan dövlət quruluşunun əsasını qoydu. Xalqların öz müqəddəratlarını təyin etmək hüququ əsasında baş vermiş hadisə ilə Azərbaycan Respublikası, dönmədən bu nöqteyi-nəzərdədir ki, hər bir xalqın öz taleyini həll etmək və öz həyatını istədiyi kimi qurmaq hüququ vardır, buna görə də Azərbaycan Hökuməti başqalarının onun xalqının daxili işlərinə qarışmasına imkan verməyəcək və öz növbəsində həmişə başqa xalqların daxili həyatına qarışmamaq prinsipinin tərəfdarı olacaq. Bu dəyişməz prinsipdən çıxış edərək, Azərbaycan Hökuməti rus xalqının öz daxili həyatını qurmaq uğrunda apardığı mübarizə mühitinə müdaxiləni yolverlməz hesab edir.

Buna baxmayaraq, Azərbaycan Respublikası neytral dövlət olaraq öz azadlıqlarını və suverenliklərini qorumaq, hər cür qəsddən müdafiə etmək qərarı ilə həmrəydir. Məhz buna görə də Azərbaycan Hökuməti azərbaycan xalqının müstəqilliyinə daim müdaxilə edən çar generalı Denikinlə inadlı mübarizə apardı və bu mübarızəni daha da uğurlu etmək məqsədilə qonşu Gürcüstan hökuməti ilə hərbi – müdafiə ittifaqına girdi.

Azərbaycan Hökuməti tərəfindən qəbul edilmiş yuxarıda göstərilən xarici siyasət istiqamətləri onun Azərbaycan xalqı ilə digər xalqlar arasındakı mehriban münasibətlər qurmasını tələb edir ki, buna görə də Azərbaycan Respublikası Hökuməti hər iki dövlətin suverenlik prinsipindən irəli gələrək, Azərbaycan və rus xalqlarının danışıqlar yolu ilə mehriban qonşu münasibətlər qurmasına hazırdır.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Xoyski”.

...Kifayət qədər böyük sayda gələn teleqramlar, təbrik məktubları “Azərbaycan” qəzetin bir neçə nömrəsində manşetləri doldurmuşdu. Qəzet xəbər verirdi ki, müstəqilliyin tanınmasının üçüncü günü polkovnik Qaskelin təmsilçisi, Zaqafqaziyanın müsəlman qaçqınlarına kömək üzrə Amerika nümayəndəsi polkovnik Şelli Nazirlər Şurasının sədri N.b.Yusifbəylini ziyarət edir və onu müstəqilliyin tanınması münasibətilə təbrik edir.

Müstəqilliyin tanınması xəbəri bütün cümhuriyyəti bayram ab-havasına bürümüşdü. Kəndlərdə, şəhərlərdə məscidlər, bazarlar bayram əhval-ruhiyyəli adamlarla dolu idi. Gənclər musiqi sədaları altında gəzirdilər. Hər kəs müstəqilliyin bayram edilməsini gözləyirdi. Bakıda Sülh Konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması münasibətilə bayram təntənəsi isə yanvarın 14-də baş tutur.

Müstəqilliyin tanınması xəbəri ildırım sürətilə şəhərə yayılır və bu barədə rəsmi məlumat alan vətəndaşlar küçələrdə bir-birini təbrik edirlər.Yanvarın 12-də alınan xəbərlə bağlı ertəsi gün, yanvarın 13-də şəhər bayram libasına bürünür: evlər xalçalar və bayraqlarla bəzədilmiş, ticarət həyatı dayandırılmışdı. Lakin bayram rəsmi olaraq 14 yanvarda qeyd ediləcəyi üçün həmin gün dövlət və ictimai müəssisələr fəaliyyət göstərirdilər.

Bu böyük hadisənin bayram ediləcəyi ilə bağlı “Azərbaycan” qəzetində Hökumət idarəsinin məlumatı yerləşdirilir:

“Hökumət İdarəsi bütün əhalinin nəzərinə çatdırır ki, Ali Şuranın Azərbaycan Respublikasının müstəqilliyinin tanıması münasibətilə 1920-ci il 14 yanvar tarixdə AXC Hökuməti bayram keçirilməsini qərara alır. Bayram günü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanmışdır:
- Səhər saat 1100 da Təzəpir məscidində dua oxunur;
- Saat 12 – də Parlametdə təmtəraqlı iclas keçirilir;
- Saat 1 – də Azadlıq meydanında hərbi parad təşkil edilir;
- Saat 2 – də Xarici İşlər nazirliyinin binasında Hökumət təbrikləri qəbul edir;
- Hökumət,ictimai və şəxsi idarələr 14 yanvarı qeyri iş günü kimi bayram edəcək;
- Şəhər əlvan işıqlarla bəzədiləcək;
- Şəhərətrafı qatarlar səhər saat yeddidən on birə kimi,günorta üçdən doqquzadək sərnişinləri pusuz daşıyacaq.
(“Azərbaycan”, 1920 –ci il №8, səh.2)

Bu da 14 yanvar, 1920-ci il... Böyük itkilər hesabına başa gələn, milli-siyasi müstəqilliyə nail olmuş, türklərin tarixinə qızıl hərflərlə yazılan həmin gün öz siyasi uğurlarının sevincini yaşayan Azərbaycan vətəndaşları küçə və meydanlara dolmuşdular. Xalqın sevincinin həddi-hüdudu yox idi. Çadralı müsəlman qadınlar böyük küçələrin tinlərində düzülərək, şəhərin baş küçələrindən təntənə ilə keçən qoşun hissələrinin hərbi keçidini daha yaxşı müşahidə eləmək üçün əlverişli yerlərdə dayanmışdılar. Bayram şəhərin müxtəlif yerlərində, ayrı- ayrı müəssisə və təşkilatların qarşısında da qeyd olunurdu.

“Azərbaycan” qəzeti isə bayram təntənəsini öz səhifələrində bu ardıcıllıqla işıqlandırırdı:

“Təzə - Pir” məscidində

Saat 4–də Təzəpir məscidinin həyəti adamlarla dolu idi. Məscid milli bayraqlarla bəzədilmişdi. Ümumi əhval-ruhiyyə yüksək səviyyədə və sevincli idi. Bir neçə dəqiqədən sonra yerli ruhanilər, Azərbaycanın şeyxülislamı Axund Ağa Ağalızadə, baş nazir Nəsib bəy Yusifbəyli başda olmaqla Hökumət və Parlament üzvləri və s. məscidə gəlir. Təntənəli namaz qılındıqdan sonra şeyxülislam dindar əhalinin böyük izdihamı qarşısında gözəl bir nitq söyləyərək, Azərbaycanın Avropa ittifaqı tərəfindən tanınması ilə bağlı böyük bayram münasibətilə hamıı təbrik elədi və xalqın öz dövlətinin möhkəmlənməsi və çiçəklənməsi uğurunda mübarizə aparacağına inandığını bildirdi.

“Müsavat”ın qarşısında

Gündüz saat 11 radələrində Bakının müxtəlif sənaye rayonlarından olan müsəlman fəhlələr əllərində “Yaşasın Azərbaycan Demokratik respublikası”, ”Yaşasın Azərbaycan xalqı” və s. şüarlar yazılmış bayraqlarla Duma meydanına yığılmağa başlayırlar və bir neçə dədiqə ərzində meydan fəhlələrlə dolur. Azərbaycanın müstəqilliyi ilə bağlı böyük bayram münasibətilə fəhlələri salamlayan “Müsavat” partiyasının komitə üzvü C.b.Məlik-Yeqanov və başqaları nümayişçilərə qoşulurlar. Komitə üzvü Piri Mürsəlzadə böyük nitqlə çıxış edir və fəhlələri Azərbaycanın müstəqil dövlət kimi tanınması yolunda yaranmış vəziyyətlə ətraflı tanış edir. “Azərbaycan respublikası xalq və onun demokratiyası tərəfindən tanınmışdır”,- deyir natiq. Müstəqillik ona lütf edilməmişdir, Azərbaycanın fəhlə-kəndli kütlələri onu qazanmışdır və bu günə qədər olduğu kimi bundan sonra da öz nəaliyyətini heç kimə verməyəcəkdir.

Sonra fəhlələr arasından H.Paşazadə, Hüseyin və s. çıxış edərək and içdilər ki, Azərbaycanın fəhlələri bütün yaşadıqları çətinliklərə və çatışmazlıqlara baxmayaraq, öz milli-siyasi müstəqillik hüquqlarının tapdalanması və pozulmasına imkan verməyəcək və düşmən haradan təhlükə törədərsə törətsin, onunla mübarizə aparacaqlar.

Nümayişçilər qaşısında məşhur aktyor M.A.Əliyevin iştirakı ilə Dövlət Opera–Balet Teatrı truppasının göstərdiyi möhtəşəm tamaşa da olduqca maraqlı idi. Aktyorlar müxtəlif tarixi şəxsiyyətlərin surətlərini əks elətdirən qrimlərdə və tarixi kostyumlarda səhnəyə çıxmışdılar.

Parlament qarşısında

Gündüz saat 12-də Parlament qarşısındakı küçə, “Velikiy knyajski”-dən Şəhər Dumasına qədər çoxminlik xalq kütləsi və nümayişçilərlə dolub daşırdı. Ətrafdakı evlərin damları, eyvanlar qadın və uşaqlarla dolu idi. Evlər milli bayraqlarla, eyvanlar bahalı xalçalarla bəzədilmişdi. İnsanların başları üzərində dalğalandırdıqları milli bayraqlar möhtəşəm və müdhiş bir mənzərə yaratmışdı. Kədərli və hüznlü “İsmailliyə” binası üzərini “Yaşasın müstəqil Azərbaycan”, “Yaşasın Azərbaycan Xalq Cümhuriyyəti” yazılmış plakatlar bəzəyirdi. Küçələri bürüyən yüksək “ura” səsləri və orkestr musiqisinin sədası altında Azərbaycan Ordusunun qoşun hissələrinin təntənəli marşı keçirdi.

Bir qədər keçdikdən sonra C.b.Məlik-Yeqanov kürsüyə qalxaraq, fəhlələr, parlament üzvləri və rəyasət heyəti adından müstəqilliyin elan edilməsi ilə bağlı təbrik etdi və elan elədi ki,fəhlələr daim bu azadlıq uğrunda canlarını fəda etməyə hazırdılar, hətta Avropa bunu tanımamış olsaydı belə.

Parlament adından fəhlələri sədr Həsən bəy Ağayev salamladı və fəhlələrə minnətdarlıq edərək bildirdi ki, onların bütün ümid və arzuları gecikdirilmədən Parlament və Milli Şura tərəfindən təmin ediləcəkdir. Bundan sonra Piri Mürsəlzadə “Müsavat” partiyası adından fəhlələri və Parlamenti təbrik elədi. Mürsəlzadə sülh konfransının gedişatı üzərində ətraflı dayandı və Azərbaycanda müstəqillik ideyalarının yaranması tarixini və türk demokratiyasının bu ideyaları həyata keçirməsi uğrunda apardığı fədakar mübarizəni şərh elədi. Sonra Azərbaycanda yaşayan xalqların qarşılıqlı münasibətlərinə toxunan natiq dedi ki, Azərbaycan təkcə türk xalqının deyil,onu tanıyan,özünə vətən hesab edən və özünü onun vətəndaşıl sayan hər kəsindir.

Türk xalqi özünün ilyarımlıq müstəqillik həyatında bütün dünyaya göstərdi ki, Azərbaycan onu sevən hər kəsi öz doğma qardaşı kimi görür və onların hamısının himayə və ümumi dövlət qanunu ilə müdafiə olunmalı olduğunu hesab edir. Bundan sonra da milli mənsubiyyətindən asılı olmayaraq öz cərgələrində sıx birləşmiş bütün azərbaycan vətəndaşlarının onun gələcək azadlığının möhkəmlənməsi və müvəffəqiyyətlə irəliləməsi üzərində işləyəcəyinə əmin olduğunu dilə gətirən natiq nitqini bu sözlərlə bitirir: “Yaşasın Azərbaycan və onun əbədi müstəqilliyi! Yaşasın müstəqil Azərbaycanın azad vətəndaşı!”

Sonra bir sıra digər natiqlər, o cümlədən, Kazan tatarları adından Münzəfərov fəhlələri və parlamenti salamlayaraq, əmin olduğunu bildirdi ki, keçmiş Rusiyanın bütün müsəlmanları tezliklə müstəqilliyə nail olacaq və vahid dövlət kimi işləyəcəklər. Polşa kaloniyası adından mühəndis Pekarskiy hamını salamlayaraq rus dilində elədiyi gözəl nitqiylə bildirdi ki, bu günə qədər despot və zülm altında yaşayan bütün xalqlar yaxın gələcəkdə öz müstəqilliklərinin müdafiəsi üçün vahid gücə dönüşəcəklər. Polşa xalqı azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edir və onun cəhdlərinin həyata keçməsinə qatılacağına söz verir.

Nəsib bəy Yusifbəylinin gəlişi isə toplananların şadlanmasına səbəb olur və “ura”, “yaşasın” qışqırıqları havaya yayılır. Camaat onu avtomobildən alıb, əlləri üstündə parlamentə gətirir. Bundan sonra camaat Pəsulzadənin tribunaya çıxmasını tələb edir. Tribunaya çıxan Rəsulzadə alovlu nitq söyləyir.
- Çoxları xatırlayır ki,- deyə nitqə başlayan natiq davam edir,- bir il qabaq Parlamentin açılışında mən nitqimi bu sözlərlə bitirmişdim: Azadlıq və müstəqillik uğrunda bir dəfə qalxan bayraq bir daha enməyəcəkdir. İndi siz görürüsünüz ki, bir il öncə Parlament açılarkən qorxduqlarımız artıq bu gün müstəqilliyi özləri qəbul edirlər. Ona görə də, bugünkü günü “bizim qələbə günümüz”adlandırmağa haqqımız vardır. Yaşasın müstəqil Azərbaycan!

Natiqi əlləri üstə Parlamentə aparırlar.

Bakının təbəəliyində yaşayan türklər adından bütün türk xalqını təbrik edən türk şairi Feyzulla Sacid bəy möhtəşəm nitq söyləyir.

İnsan başlarının izdihamlı dalğası, gənc əsgərlərin parlaq nizələri bu mənzərəni daha da ecazkar edirdi. Krivoy küçəsindən başlayara bütün silah sursat və ağır artilleriya ilə şpalerə düzülmüş qoşunlar nazirlərin və parlament üzvlərinin gəlməsini gözləyirdilər.

Bir neçə dəqiqədən sonra hər tərəfdən sahil bağına doğru nümayişçilər və könüllü fəhlə dəstələri daxil olmağa başladı. Xalqın nəhəng izdihamı qarşısında “Müsavat” partiyasının üzvü Piri Mürsəlzadə çıxış elədi və Azərbaycanın uğrunda türk diplomatiyasının qanını axıtdığı və ən yaxşı oğullarını verdiyi müstəqilliyinin avropa tərəfindən tanıdığını elan etdi.

Bir neçə dəqiqədən sonra baş nazir Nəsib bəy Yusifbəyli, sədr Həsən bəy Ağayev başda olmaqla parlament üzvləri,Şeyxülislam başda olmaqla ruhanilər gəlib çıxdı və parad başladı. Nəsib bəy Yusifbəyli nazirlərin və parlament üzvlərinin müşaiyəti ilə Krivoy küçəsinə qədər düzülmüş qoşunların qarşısından keçdi və onları bayram münasibətilə təbrik etdi. Onun salamına cavab olaraq: “Çox sağ ol!” səsləri ucaldı. Sonra qoşun təntənəli marş sədaları altında iştirakçıların qarşısından keçdi. Parada hərbi nazir, general-leytenant Əliağa Şıxlinski komandanlıq edirdi. Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli paradı qəbul elədi. Qoşunların keçidi 40 dəqiqə davam etdi.

Xarici İşlər Nazirliyində

Parad qurtarana yaxın günorta saat 4 radələrində Xarici İşlər Nazirliyində müstəqilliyin tanınması ilə bağlı təbriklərin qəbulu başladı. Burada Nəsib bəy Yusifbəyli başda olmaqla bütün nazirlər, Həsən bəy Ağayevin sədrliyi ilə parlament üzvləri təbriklərə gəlmiş İngiltərə, Fransa, Gürcüstan, Ermənistan diplomatik nümayəndəliklərinin təmsilçiləri, İran missiyasının sədri Tata Taboi başda olmaqla iran fars missiyası, xarici dövlətlərin konsulları və s. iştirak edirdi.

Xarici İşlər Naziri Fətəli Xan Xoyski Zaqafqaziya respublikalarının müstəqilliyinin tanınmasına ciddi – cəhdlə kömək etmiş İngiltərə və onun demokratiyası şərəfinə tost səsləndirdi.Sonra Azərbaycan,Gürcüstan, Ermənistan və İranın şərəfinə tost deyildi.

İran missiyasının başçısı Tata Taboi Zaqafqaziya respublikalarının şərəfinə tost söylədi və İranın bu respublikaları rəsmi tanıdığını bildirdi. Qəbul axşam saat altıya qədər davam etdi. Qonaqlara şirniyyat təklif olundu. Qəbulun sonunda iştirakçılarla birlikdə foto çəkildi.

Əyalətlərdən də Azərbaycanın müstəqilliyinin təntənəli şəkildə tanınması ilə bağlı yüzllərlə teleqramlar alınırdı.Bütün yerlər və şəhərlərdə nəhəng insan axını ilə müşayiət olunana nümayişlər və bayram keçirilirdi.

Parlamentdə

14 yanvar, gündüz saat 12–də Parlamentdə Azərbaycanın müstəqilliyinin Antanta tərəfindən tanınması münasibətilə təntənəli yığıncağın keçirilməsi qərara alınınr. Hələ səhər saat 10–da camaat üçün olan yerlər tamamilə dolmuşdu. Nəfəs alətləri orkestri durmadan çalırdı. Zal xalçalarla, palmalar və milli bayraqlarla bəzədilmişdi. Lojada diplomatik nümayəndəliklərdən ingilis missiyasının təmsilçisi polkovnik Stoks, Gürcüstan, Estoniya, Polşa və başqa ölkələrin nümayəndələri oturmuşdular. Sədrlik edən Həsən bəy Ağayev Parlamentin bu tarixi yığıncağını açıq elan edir. Söz Fətəli Xan Xoyskiyə verilir və gurultulu alqışlarlarla qarşılanan Xoyski kürsüyi–xitabətə çıxır:

- Hörmətli Parlament üzvləri! 28 may 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini elan etdi. Lakin təkcə elan etmək kifayət deyildi. Bütün dünyaya sübut etmək lazım idi ki, biz sərbəst yaşamağa layiqik. Və budur, ilyarımlıq mövcüdiyyətdən sonra Azərbaycan xalqı Avropaya sübut elədi ki, sərbəst yaşaya və özünü sərbəst idarə edə bilər. Azərbaycan xalqının həyat qabiliyyətinə əmin olan Avropa bizim müstəqilliyimizin qəbul edilməsini lazım bildi. Azərbaycanda ilk hökumət təşkil olunananda onun başında mən dururdum və indi mən, müstəqilliyimizin qəbul olunması xəbərini sizə verməklə özümü xoşbəxt hesab edirəm”. ( Alqış lar )

Diplomatik lojada Gürcüstanın Azərbaycandakı nümayəndəsi Alşibadze görünür. Parlament üzvləri onu sürəkli alqışlara tuturlar.

Sonra sədr Həsən bəy Ağayev çıxış edir:
- Bizim mövcudluğumuzdan 19 ay yarım sonra Antanta müstəqilliyimizi qəbul elədi. Fətəli Xan düzgün qeyd elədi ki, bu bayram təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının bayramıdır. Sübut eləmək lazım idi ki, biz sərbəst yaşaya bilərik. Avropanın dövlətimizdə olan nümayəndələri vasitəsilə bizim xalqın həyat qabiliyyətinə əmin oldu və müstəqilliyimizi qəbul etdi. Nəhəng itkilər hesabına bu nətiçəyə nail olduq. Mən xahiş edirəm, uğur qazanmaq üçün aparılan mübarizədə həlak olanların xatirəsini yad etmək üçün ayağa qalxaq. ( Hamı qalxır )

Təbrik teleqrqmları

Bundan sonra sədr təbrik teleqramlarını səsləndirir. Teleqramlar Gürcüstan Məclisi-Müəssisanından, Gürcüstan müsəlman milli şurasından, Qafqazdakı alman mərkəzi şurasından, Azərbaycanda yaşayan polyaklardan, Azərbaycanda yaşayan krım tatarlarından, Bakı şəhər idarəsindən, Gəncə şəhər idarəsindən, erməni hökumətindən və bir çox başqalarından idi.

Teleqramlar oxunduqdan sonra söz tez-tez bütün parlament tərəfindən dostcasına, gözəl alqışlarla müşayiət edilən Məmməd Əmin Rəsulzadəyə verilir.

Məmməd Əmin Rəsulzadə: “Azad və bu gündən etibarən beynəlxalq aləmdə tanınan Azərbaycanın deputatları! Bu gün “Müsavat və bitərəflər” fraksiyasında birləşənlər adından Azərbaycan xalqının tam qələbəsi münasibətilə sizi salamlayarkən, mən fikrən də olsa, həmin anları, ilyarım əvvəl Azərbaycanın paytaxtında ilk dəfə bu parlamentin təntənəli açılışını da yada salmaya bilmirəm. Həmin vaxt küçələrdə belə təntənəli səs-küy yox idi, xalqın öz nümayəndələrini biçeraxovtsevlərin güçlü qəsbindən qorumaq üçün əhəmiyyətli bir hazırlığı da yox idi. Onda küçələrdə ingilis zirehliləri vardı və polis dəstələri dayanırdılar. Həmin vaxt bütün Azərbaycan xalqı bu binaya qovulmuşdu. İndi isə əksinə, bütün ölkə parlamentdə olduğu kimi azad nəfəs alır. Həmin vaxt ingilis komandanlığı artıq parlamenti mümkün silahlı hücumlardan müdafiə edə bilmirdi. Lakin biz indi ingilis nümayəndələrini parlamentin divarları arasında görürük. (Alqışlar polkovnik Stoksa ünvanlanır)

Qədirbilən Azərbaycan xalqı onun azadlığı yolunda canlarını sipər edən qardaşlarını heç vaxt unutmayacaq. ( Səslər: “Yaşasın türklər”, uzun alqışlar)

Qoy azadlıq mücahidlərinin fədakarlığı, qəhrəmanlığı, onların qəhrəman ruhu bizim arzularımızı qanadlandırsın və vətənimizin azadlığını daha qətiyyətlə qorumaq üçün bizə gümrahlıq,ruh versin. (Alqış)

Cənablar, hər bir xalqın azadlığı onun daxili işidir. Öz milli həyatını yaşamaq qərarı almış millət bu qərarı mətin və sarsılmaz inama çevirməyə, həmişə qalib olmağa nail olmuşdur.

Xalq ideallarının belə inamından ilhamlanaraq, mən il yarım bundan öncə tam inamsızlıq və şübhələrlə dolu bir şəraitdə, bizim üçün əziz olan bayrağı göylərə qaldırıb, demişdim: “Bir dəfə yüksələn bayraq, bir daha enməz!” O zaman bunun xalqın səmimi əhval-ruhiyyəsinin nişanəsi olduğunu yaxşı bilərək, siz bunu alqışladınız. Bu gün isə sizinlə bərabər həm də bütün dünya alqışlayır! ( Gur alqışlar ) Biz mübarizədə dəyanətli və həm də tamamilə əmin olaq ki, bu bayraq bizim başımızın üstündə daim dalğalanacaq! (Sürəkli alğışlar və lojadan xanımlar natiqə çiçəklər atırlar)

Kürsüyə qalxan sosialist firqəsinin nümayəndəsi Aslan bəy Səfikürdski bildirir ki, Antanta çar generalı Denikinə ağır zərbələr endirən qırmızı sovet ordusunun təzyiqi altında bizim müstəqilliyimizi qəbul edib. Avropa anladı ki, kiçik xalqlara münasibətdə öz taktikasını dəyişməlidir. Sonda o, sosialist bloku adından parlamenti təbrik etdi.

Azərbaycanın polyak əhalisinin təmsilçisi, parlament üzvü Vansoviçiə söz verilir:

- Cənab parlament üzvləri! İcazə verin, Azərbaycanın polyak əhalisi adından sizi və sizin simanızda bütün Azərbaycan xalqınıonun dövlət müstəqilliyinin avropa dövlətləri tərəfindən tanınması münasibətilə təbrik edim.

Mən Azərbaycan xalqının öz dövlətini qurmaq yolunda çoxlu çətinliklərdən keçərək baş tutan bu formal aktın təntənəsində iştirak etdiyim üçün xoşbəxtəm. Hələ Bakıdakı birinci milli qurultayında rus inqilabından başlayan inqilabın şüarlarının qarşısıalınmaz hipnozu altında heç də əbəs yerə Azərbaycan xalqına nəhəng dövlətçilik siyasəti əsaslarında Rusiya dövləti tərkibində yaşayan başqa xalqlarla birgə rus inqilabı tərəfindən tamamilə yeni özüldə elan edilmiş inqilabi güc yaratmaq çağırışları yayılırdı.Və həmin vaxt mən Azərbaycan xalqını aldadıcı xəyallara qapılmamağa, əcayib qüllələr tikməyə dəymədiyinə, Allahın onsuz da bir dəfə yelbeyinlik və xudpəsəndliyinə görə insanlığın başına uçmuş qəzəbini sınamamağa çağırırdım.

Mən milli oyanışa daha təvazökar məsələdən – öz sadə, rahat və qonaqpərvər evindən başlamağa innandırdım. Mən deyəsən Azərbaycan xalqının yönəldiyi istiqaməti görmüşdüm; o, demək olar ki, hər cür quruculuqdan kənar, öz milli duhasının gücünə öz evini tikməyə başladı və bu işi sona yetirdi. Azərbaycan dövlətinin mövcudluğu azərbaycan xalqı üçün danılmaz fakt oldu, baxmayaraq ki, bu digər xalqlar üçün uzun müddət anlaşılmaz və şübhəli qaldı.

İndi biz beynəlxalq quruculuq komissiyasının tikintisi başa çatan bu evin yararlı və qonşu quruluşlar üçün təhlükəsiz olmasının tanınmasının təntənələi şəkildə bayram edilməsində iştirak edirik.Azərbaycan dövləti təbii mövcudluğundan hüquqi mövcudluğa keçmişdir. Bu gündən Azərbaycan beynəlxalq hüquq subyektidir və heç bir formal əngəllərdən çəkinmədən öz azad davranış xəttini seçə bilər.
Lakin kamal attestatı Azərbaycan dövlətinə çox çətin, məşəqqətli zamanda verilmişdir. Onun ətrafında tufan gurlayır, çarpışma gedir. Öz yolunu çaşmamaq üçün bu gənc dövlət bütün gücünü toplamalı, xalqın yaradıcılıq xüsusiyyətləri və digər dövlətlər arasında vəziyyətini müəyyən edən yaxın-uzaq məsələlərə aydın baxışlarla baxmalıdır. Quduz fırtınanın qayalarından və əngəllərindən qaçmaq və Azərbaycan dövlətinin dəlik-deşik qayığını sakit sığınacağa çatdırmaq lazımdır. Bu qayığın sükançıları hər şeydən əvvəl onun quruluşundan xəbərdar olmalıdırlar. Onlar hər şeydən əvvəl bilməlidirlər ki, Azərbaycan dövləti bəzi natiqlərin iddia etdikləri kimi, inqilabın məhsulu deyil. İnqilab, hətta bundan da ötə, Avropa müharibəsi, şübhəsiz ki, xalqlara özgə yollardan azad olmaq üçün əlverişli şərait yaratdı, onların müstəqil həyat cəhdlərinin həyata keçirilməsini sürətləndirdi, lakin milli dövlətlər bu hadisələrdən doğulmadı. Milli dövlətlərin inkişaf pöhrələri milli dühada və onun yaradıcılıq gücündədir. Bu cəhdlər daxildən gəlir və orqanizmin özünəməxsus gücündən bəhrələnir. Milli düha milli orqanizmin bütün ziddiyyətli gedişlərini ahəngli bir şəkildə uzlaşdırır, onların mərkəzəqaçan cərəyanlarının xalqı və ərazini birləşdirən vahid hakimiyyət ənənəsinə tabe edir.

Əgər Azərbaycan dövlətçiliyinin bu pöhrəsi rus inqilabının ayaqları altına atılsaydı, onda çoxdan sinfi mübarizə fırtınasında məhv olub gedərdi. İndi isə həmin pöhrə orqanizmə çevirilmişdir, müstəqil, tanınmış gənc bir dövlətə. Mən sizə müraciət edirəm, cənab parlament üzvləri, mən sizi milli dərinliklərdən milli qətiyyətin şücaəti gücünə əldə edilən bu qiymətli nailiyyəti ehtiyatla qorumağa çağırıram.

Parlament üzvü Bakradze isə çıxışına belə başlayır: “Vətəndaşlar, Azərbaycan xalqının təmsilçiləri. Azərbaycan Respublikası ərazisində yaşayan gürçü əhali adından bu əlamətdar gün münasibətilə Parlamentə ürəkdən təbriklərimi bildirirəm. Gürcü xalqı adından səmimi təbriklərimi sizə çatdırmaqla mən həm də şahidi olduğumuz bu böyük tarixi gün və bu nəhəng tarixi hadisənin əhəmiyyəti barədə qısa və təfsilatsız qeydlərimi bidirməyi özümə icazə verirəm (alqışlar).

Deməliyəm ki, son zamanlar bizim Zaqafqaziya respublikalarının siyasətçiləri və ictimai xadimləri arasında ictimai xadimin belə bir növü yayılmağa başlamışdır – skeptik, hansılar ki, bütün siyasi hadisələrə,bütün siyasi faktlara inamsızlıqla, şəkkaklıqla yanaşırlar. Göstərməliyəm ki, bizim yaşamaq məcburiyyətində olduğumuz siyasi mühit, şərait və qarşılıqlı əlaqələr mühiti bu şəkkaklığın inkişafına əlverişli şərait yaradır. Lakin onu da qeyd etməliyəm ki, həmin bu spektizmin də iki növü vardır: məlum yaradıcılığa xidmət edən fəal spektizm və fəaliyyətsizliyə yönəlik passiv spektizm. O skeptiklər ki, bir sıra nəhəng tarixi faktları qiymətləndirə bilmirlər, bu gün belələrinin qiyməti bu tribunadan da səsləndirildi.

Elan eləməliyəm ki, mən belə inamsızlığın qətiyyətlə əleyhinəyəm və bu tarixi fakta böyük inam bəsləyirəm. Mən parlament üzvü Vansoviçlə çox şeydə razı deyiləm, lakin bir məsələdə onunla eyni fikirdəyəm ki, bizim müstəqilliyimizin tanınması heç bir kənar təsirlərin müdaxiləsinin nəticəsi deyil, nə Sovet Rusiyasının və nə də Antantanın. Öz gücümüzün və yaradıcılığımızın nəticəsidir. (Səslər: bravo.doğrudur)

İki il ərzində biz sübut etdik ki, biz bacardıq. Öz yaradıcılığımızla dövlətimizi idarə edə bilərik.Biz göstərdik ki,öz həyatımızı müstəqil surətdə idarə edə bilərik və biz siyasi bişkinlik imtahanından müvəffəqiyyətlə çıxdıq. Bax, bu gün, bu məşhur, bu böyük tarixi gündə mən cəsarətlə elan edirəm ki, bu dövlət imtahanına davam gətirərək, başa çatdırdıq. Nə Antanta, nə də Sovet Rusiyası – bugünkü anın yaradıcıları biz özümüzük. (Alqışlar: “doğrudur”)

Məgər müstəqillik işində böyük və nəhəng rol oynayan, bütün Zaqafqaziyanın, xüsusilə, Azərbaycan və Gürcüstan demokratiyasının ilhamlandığı o qətiyyətli ruh deyildimi? Heç də bizim gözəl gözlərimizə görə deyil, istənilən anda əldə silah müstəqilliyimizi qorumaq yolundakı möhkəm qətiyyətimizə görə. Biz qətiyyətli düşüncəyə nail olmalıyıq ki, öz gücümüz nəticəsində sərbəst yaradıcılıq və dövlət işləri ilə öz istiqlaiyyətimiz və müstəqilliyimizi möhkəmləndirə bilərik. Mən istərdim ki, bu siyasi hadisə bizə dərs olsun. Mən sol tərəfdə oturan yoldaşlarımı saqındırmaq istəyirəm ki, qoy, onlar xarici amillərin əhəmiyyətini şişirtməsinlər; xarici güclərə arxayın olmaq – bu, istər sovet Rusiyası olsun, istərsə də Antanta və yaxud azadlığı nizələrinin ucunda daşıyan üçüncü bir qüvvə,- kökündən yanılışdır.

Vəkilov yerindən: “Nizələrin ucunda azadlıq olmaz”.
Ağamalov yerindən: “Bu, provakasiyadır. Bu, düzgün deyil, heç kim belə deməyib”.
Səslər: Soruşaq.
Rəsulzadə yerindən: “Deyilmişdir, davam edin”

Bakradze: ...Və əgər mənim dediklərim həqiqətəuyğun deyilsə belə - baxmayaraq ki, bunun həqiqət olduğundan əminəm,- onda biz, bu tarixi günü bayram edən Zaqafqaziya demokratiyası, ələlxüsus, Azərbaycan və Gürcüstan demokratiyası vəziyyətdən çıxış yolu tapmalıyıq. Biz qətiyyətimizi ikiyə, gücümüzü üçə qatlamalı, azadlığın və müstəqilliyin keşiyində daim dayanmaq üçün bizə verilmiş və möhkəmlənmiş yaradıcılıq işmizi gücləndirməliyik (səslər: eşidilmir) və mən öz səmimi təbriklərimi çatdıraraq, sizi salamlayır, Azərbaycan demokratiyasını və Azərbaycan xalqını gürcü xalqı adından təbrik edirəm. Mən arzu edirəm ki, bunlardan lazımı nəticələr çıxarılsın, mən arzu etmək istəyirəm ki, azadlıq və müstəqilliyin müdafiəsinə sərf edilmiş səylər, yaradıcı fəaliyyət və dovlət işləri daha da artsın və xalq bundan sonra da bizim azadlıq və müstəqilliyimizin müdafiəsi üçün kifayət qədər mətanətlilik göstərə bilsin. Mən inanıram ki, bu, belə də olacaq və bu inamla da mən kürsüdən düşür və bir daha gürcü xalqı adından öz dərin təbriklərimi bildirirəm.

Amnistiya

Yığıncağın sonunda Ədliyyə naziri Xasməmmədov hökumət adından müstəqilliyin tanınması münasibətilə ümumi aministiya qərarını elan elədi.

Yığıcağı bağlı elan edən sədr bildirdi ki, “Sahil” küçəsində qoşunların paradı keçiriləcəkdir. Parlamentin iclası saat 2-də bağlanır, parlament üzvləri milli motivlər çalan orkestrin musiqi sədaları altında dağılışırlar.


(Ardı var)



Yeganə Kamal Cabbarlı
Azvision.az üçün



Teqlər: Cümhuriyyət-100  





Xəbər lenti