Paşinyan Dilqəm və Şahbazı qaytarmaqdan qorxur

 Paşinyan Dilqəm və Şahbazı qaytarmaqdan qorxur
  22 Noyabr 2018    Oxunub:2964
“Azərbaycan sərhəddə ələ keçirdiyi erməni diversantların sayını artırmalıdır”.

AzVision.az xəbər verir ki, belə bir təkliflə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu çıxış edib.
O, hesab edir ki, bu hal azərbaycanlı girovların qaytarılması üçün Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana təzyiq aləti olacaq: “Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Dağlıq Qarabağdakı iki girovumuzu qaytarmaq istəmir. Onun iddiasına görə iki girovumuz Dağlıq Qarabağda adam öldürüblər. Bu səbəbdən, Paşinyanın sözlərinə görə, İrəvan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxnanılan erməni diversantlarla dəyişmək istəmir. Ancaq Paşinyanın istəyindən asılı olmayaraq Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar, ölkələri üçün strateji yolları kəsib etiraz edirlər. Onlar tələb edirlər ki, əsirlər dəyişdirilsin. Əslində onlar bununla Azərbaycanın irəli sürdüyü “bütün əsirləri dəyişək” prinsipinə dəstək verirlər”.



Politoloq qeyd edib ki, Paşinyan hələ ki müqavimət göstərir: “Ermənistan baş naziri səlahiyyətlərinin icraçısı bildirir ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa Ramil Səfərov olayı təkrarlanacaq. Yəni Paşinyan demək istəyir ki, iki girovumuz Bakıda qəhrəman kimi qarşılanacaq. Paşinyan tam haqlıdır. Azərbaycanda iki girovumuz Ramil Səfərov kimi qarşılanacaq. Buna haqları da çatır. Bu qarşılanma isə Ermənistanda etirazla qarşılanacaq və müxalifət Paşinyana ciddi suallar ünvanlayacaq. Paşinyan da bundan ehtiyat edir. Ancaq Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir”.

Problemdən çıxış yolunu Paşinyana təzyiqin artırılmasında görən politoloq deyib: “Biz isə elə etməliyik ki, sərhəddə ələ keçirdiyimiz erməni diversantların sayını artıraq. Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə etməlidir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Paşinyan   Politoloq  





Xəbər lenti