Azərbaycana 194 ölkədən 2, 5 milyona yaxın turist gəlib

Azərbaycana 194 ölkədən 2, 5 milyona yaxın turist gəlib
  22 Noyabr 2018    Oxunub:2236
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən Azvision.az-a bildirilib ki, gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,5 faizini kişilər, 34,5 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,7 faizi yanvar, 6,9 faizi fevral, 11,4 faizi mart, 9 faizi aprel, 8,6 faizi may, 11,1 faizi iyun, 13,6 faizi iyul, 13,3 faizi avqust, 9,6 faizi sentyabr, 8,8 faizi isə oktyabr ayında ölkəyə gəlib.

Bu ilin on ayında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Küveyt vətəndaşlarının sayı 2 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 13,7 faiz, Oman vətəndaşlarının sayı 6,3 faiz artıb. İrandan gələnlərin sayında 33 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 492,9 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

Yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,3 faiz artaraq 99,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 faiz artaraq 891 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,5 faizi dəmir yolu və avtomobil, 42,5 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə edib.

Azvision.az


Teqlər: DSK   Turist  





Xəbər lenti