"Regionda sabitliyin qorunub saxlanmasına tərəfdarıq"- Berdiməhəmmədov

  22 Noyabr 2018    Oxunub : 470
"Regionda sabitliyin qorunub saxlanmasına tərəfdarıq"- Berdiməhəmmədov
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Çünki bu səfər bizim mehriban qonşuluğumuzun, qarşılıqlı hörmətin, beynəlxalq aləmdə, ticari-iqtisadi əməkdaşlıq məsələlərində və mədəni-humanitar sahədə təsəvvürlərimizin şaxələndirilməsinin məntiqi davamıdır.
Azvision.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşü zamanı deyib.

"Xarici siyasət məsələlərinə gəldikdə, bizim prinsiplərimiz şübhəsiz ki, oxşardır və ya üst-üstə düşür. Yəni, biz həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına tərəfdarıq. Sizə təşəkkür edirik ki, beynəlxalq aləmdə Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüsləri dəstəkləyiriniz. Əlbəttə, biz bütün məkanlarda, BMTATƏT kimi nüfuzlu qurumlarda, beynəlxalq təşkilatlarda bir-birimizi qarşılıqlı surətdə dəstəkləyirik. Mənim fikrimcə, bu da çox düzgündür. Əlbəttə, tərəfdaşlıqda elə məsələlər var ki, biz onlara da münasibət bildirməliyik. Terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, transsərhəd cinayətkarlıq kimi təhdidlər və çağırışlar bu qəbildəndir. Buna görə də biz əlbəttə ki, belə təhdidlərə qarşı mübarizəni bundan sonra da davam etdirəcəyik. Demək istərdim ki, Xəzər dənizi də bizi birləşdirir. Bu yaxınlarda Xəzəryanı dövlətlər Xəzərin hüquqi statusu barədə Konvensiyanı qəbul etdilər. Buna görə bizim üçün burada da, o cümlədən mehriban qonşuluq məsələlərində çox böyük imkanlar yaranır. Başlıca məsələ odur ki, biz hamımız eyni fikirdəyik - Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir və biz bundan sonra da fəaliyyətimizi bu ruhda davam etdirəcəyik".

Berdiməhəmmədov bildirib ki, bu ilin 9 ayı ərzində iki dövlət arasında əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb. Kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyllər yaranıb:

"Azərbaycanın yeni texnologiyaları əlbəttə ki, bizi cəlb edir. Hər halda bütün dünya rəqəmsal texnologiyalara, rəqəmsal iqtisadiyyata keçir. Buna görə də biz gələcəkdə də bu ruhda davam edəcəyik. Əlbəttə ki, nəqliyyat məsələlərini, yəni, məhz tranzit nəqliyyat dəhlizlərinin inkişafı və onun logistikasının düzgünlüyünün müəyyənləşdirilməsini qeyd etmək istərdim. Bilirsiniz, Sizinlə bizim - Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya çıxışla bağlı nümunəvi təcrübəmiz və imzalanmış razılaşmalarımız çoxdur. Mən xatırlatdım ki, biz bu gün TRASEKA, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, TİR kimi beynəlxalq qurumlarla yaxşı əlaqələrə malikik və bu, böyük əhəmiyyət kəsb edir. Sizin Bakı-Tbilisi-Qars kimi çox yaxşı infrastrukturunuz var. Görürsünüz, bizdə nümunələr çoxdur. Ona görə də biz düzgün logistikamızı həm avtomobil, dəmir yolu, həm də bərə nəqliyyatı üzrə inkişaf etdirə bilərik. Bizim dəmir yolu üçün güclü bərə nəqliyyatımız var. Bu, bizdə Ro-Ro tipli avtonəqliyyat üçün oxşar variantdır. Düşünürəm ki, biz bu fəaliyyəti düzgün logistikamızla da gücləndirə bilərik. Hərçənd yadımdadır, Siz Xəzəryanı ölkələrin dövlət başçılarının Sammitində də bu variantı təklif etdiniz - Xəzəryanı dövlətlər arasında düzgün logistika yaradılsın və bu müşavirə məhz Bakıda keçirilsin. Fikrimcə, biz bu məsələnin əməkdaşlığa dair ikitərəfli dialoq çərçivəsində müzakirəsinə artıq başlamışıq.

Energetika məsələləri. Bizim çox güclü ehtiyat potensialımız var. Buna görə də biz bu məsələlərdə enerji inteqrasiyasının tərəfdarıyıq. Təkcə bizim ölkələrimiz üçün yox, həm də regional səviyyədə beynəlxalq bazarlara birgə çıxa bilərik. Düşünürəm ki, bu cəhətdən biz yaxşı əməkdaşlıq edə bilərik. Yəni, gördüyünüz kimi, bizdə müxtəlif sahələrin elə mənzərəsi və aspekti var ki, ölkələrimiz arasında əmtəə nomenklaturunu genişləndirə bilərik. Buna görə də mən bir daha qeyd edim ki, burada iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya bilavasitə rol oynayır. Yəni, biz onun iclasını azı ildə bir dəfə keçirməliyik, çünki bir qədər fasilə yaranıb, amma bəzi məsələlər, necə deyərlər, təcili həllini tələb edir".

Türkmənistan prezidenti əlavə edib ki, mədəni-humanitar sahə əməkdaşlıq ayrılmaz tərkib hissəsidir: "Bizi çox sevindirir ki, ortaq köklərimiz, mənşəyimiz, ənənələrimiz, milli xüsusiyyətlərimiz var. Biz müasir mərhələdə təhsil, elm, turizm sahələrinin, idmanın inkişafı məsələlərinə böyük əhəmiyyət veririk. Bu gün əlbəttə ki, bunlar da lazımdır, çünki onların hamısı böyüməkdə olan gələcək nəsil üçün həm vətənpərvərlik, həm də ideoloji cəhətdən bizim əcdadlarımızın vəsiyyətləridir. Bilirəm ki, Siz xalçaçılıq məsələlərinə böyük diqqət yetirirsiniz. Dediyim kimi, biz də bu sahəyə böyük diqqət yetiririk. Məncə biz hətta Bakıda olanda təklif etmişdik ki, həm bizdə, həm sizdə xalça sərgiləri təşkil olunsun. Bu halda beynəlxalq səviyyəyə çıxmaq və ya bizim xalçalara aid beynəlxalq konfrans keçirmək olardı. Yəni, gördüyünüz kimi, biz qarşılıqlı hörmət və etimad fonunda bu cür ikitərəfli əməkdaşlığa meylliyik. Buna görə də mən bir daha Sizə bu səfərinizə görə təşəkkür etmək istərdim. Çünki Sizin səfəriniz şübhəsiz ki, bu gün müzakirə etdiyimiz məsələlərə daha artıq güc, mən deyərdim ki, yaxşı təkan verəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Sizin nümayəndə heyətinizin üzvlərinə əlbəttə ki, qardaş Azərbaycan xalqına ən yaxşı arzularımı bildirirəm. Sizə təşəkkür edirəm".

Azvision.az

Teqlər: Berdiməhəmmədov   İlham-Əliyev