"Dövlətlərin təməlini sarsıdan proseslər gedir" - İlham Əliyev

  22 Noyabr 2018    Oxunub : 956
"Dövlətlərin təməlini sarsıdan proseslər gedir" - İlham Əliyev
Mən, ilk növbədə, qonaqpərvərliyə, dəvətə, səmimi qəbula görə təşəkkür etmək istərdim. Mən yenidən qardaş Türkmənistan torpağında olmağıma şadam. Mən dünən ölkənizin nailiyyətləri ilə tanış olmaq imkanı qazandım və bu, Türkmənistanın inamlı müsbət inkişafının nümayişidir. Şəxsən Sizi və bütün Türkmənistan xalqını quruculuq yollarında böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm.
Azvision.az xəbər verir ki, bunu Türkmənistanda rəsmi səfərdə olan Prezident İlham Əliyev həmkarı Qurbanqulu Berdiməhəmmədovla nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşü zamanı deyib. Dövlət başçısı bildirib ki, rəsmi Bakı da səfərə böyük əhəmiyyət verir və səfər çox yaxşı hazırlanıb.

"Səfərin yekunları üzrə xeyli sənədin imzalanacağı nəzərdə tutulub. Əminəm ki, onlar vaxtında reallaşacaq və bununla da bizim əməkdaşlığımız üçün daha yaxşı şərait yaranacaq. Biz Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Siz qeyd etdiyiniz kimi, bizim ümumi köklərimiz, tariximiz, xalqlarımızın yaxınlığı elə bir bünövrədir ki, onun üzərində öz birgə gələcəyimizi qururuq. Həm də təsadüfi deyil ki, biz beynəlxalq qurumlarda birgə fəaliyyət göstəririk, bir-birimizi dəstəkləyirik. İkitərəfli planda əməkdaşlıq potensialını gücləndiririk və bütün bunlar sabitliyə doğru aparır, regional təhlükəsizliyi möhkəmləndirir. Bu gün regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Biz görürük ki, dünyanın müxtəlif guşələrində toqquşmalar, qanlı hadisələr baş verir, dövlətlərin təməlini sarsıdan proseslər gedir. Buna görə də düşünürəm ki, belə mürəkkəb vəziyyətdə həm Azərbaycanın, həm də Türkmənistanın yüksək inkişaf səviyyəsi, sabitlik nümayiş etdirməsi xüsusilə əhəmiyyətlidir və bunlar bir daha ölkələrimizin getdiyi yolun düzgün olmasından xəbər verir.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın istiqamətləri çoxdur. Əminəm ki, indiyədək olduğu kimi, gələcəkdə də beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu gün biz artıq təkbətək görüşdə əməkdaşlığın xeyli mühüm məsələlərini müzakirə etmişik və nümayəndə heyətləri çərçivəsində də müzakirələri davam etdirəcəyik. Biz gələcək əməkdaşlığın əsas istiqamətlərini, prioritetlərini qeyd etdik. Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması məsələsində çox iş görmək olar. Əmtəə dövriyyəsi artsa da, fikrimcə, hələlik ölkələrimizin potensialını tam əks etdirmir. Düşünürəm ki, nümayəndə heyətinin üzvləri Türkmənistan mallarının Azərbaycana, Azərbaycan mallarının isə Türkmənistana ixracını necə artıra biləcəyimizi konkret müzakirə etmək imkanına malik olacaqlar. Əlbəttə ki, bu mövzu hökumətlərarası komissiyanın işi çərçivəsində də prioritet məsələlərdən biri olmalıdır. Razıyam ki, iclaslar arasında müəyyən fasilə olur. Hesab edirəm ki, yaxın vaxtlarda artıq əldə olunan razılaşmaların yerinə yetirilməsi proqramını işləyib hazırlamaq məqsədilə mənim səfərimin yekunlarına əsasən operativ iclas keçirmək mümkün olacaq. Artıq dediyim kimi, bu gün xeyli sənəd imzalanacaq. Onlar inkişaf istiqamətlərini müəyyənləşdirir, amma həmin məsələlərin reallaşdırılması üzrə fəaliyyət planının olması da zəruridir".

Dövlət başçısı qeyd edib ki, həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir: "Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan borun kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir. Əlbəttə, bizim münasibətlərimizin əsas mövzularından biri nəqliyyat sahəsidir. Təsadüfi deyil ki, mənim nümayəndə heyətimin tərkibində Azərbaycanın bütün nəqliyyat qurumlarının rəhbərləri var.

Onlar artıq türkmənistanlı həmkarları ilə fəal işləyirlər. Biz bu gün Sizinlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın bu məsələlərini də müzakirə etmişik. Yəni, biz bu sahədə bütün ölkələrə və xalqlara fayda gətirəcək çoxtərəfli regional əməkdaşlıq üçün çox yaxşı perspektivlər görürük. Belə ki, mən bizim söhbətimizdən çox məmnunam və düşünürəm ki, səfərin nəticələri də çox müsbət olacaq, ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcək. Qonaqpərvərliyə görə bir daha sağ olun, Sizə möhkəm cansağlığı, gələcək uğurlar, qardaş Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram. Sağ olun.

Azvision.az

Teqlər: İlham-Əliyev   Türkmənistan