“Bu sənətin yaranması qadınlarla bağlıdır” - REPORTAJ (FOTOLAR)

  23 Noyabr 2018    Oxunub : 2826
 “Bu sənətin yaranması qadınlarla bağlıdır” - REPORTAJ (FOTOLAR)
Keramika dünyada xalqların oturaq həyata keçməsinin təcəssümüdür. Bütün sivilizasiyaların qədimliyi keramika ilə ölçülür. Keramika ilk növbədə qida ehtiyyatlarının, toxumların və digər əşyaların saxlanması üçün istifadə olunurdu ki, bu da ancaq qədim dövrlərdə insanların məskunlaşdığı, yurd saldığı məkanlarda baş verib.
Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb. IX əsrdə isə Şəki artıq yalnız öz xalça və şirniyyatı ilə deyil, keramikası ilə də dillər əzbəri idi. Sənətin inkişafına yerli yağlı gil yataqlarının mövcüdluğu böyük təkan verib. Azərbaycanda min illərlə mövcud olan keramika sənətinin dirçəlməsi bütün bu amillərin bir daha vurğulanması deməkdir.

Azvision.az xəbər verir ki, bu məqsədlə ABAD-ın təşkilatçılığı ilə media nümayəndələrinin “ABADŞəki Keramika və Tətbiqi Sənət Mərkəzinə press-turu təşkil olunub.



Mərkəzlə tanışlığımızda bildirilib ki, Cənubi Qafqazın ilk Keramika Mərkəzinin məhz Şəkidə yaradılması heç də təsadüfi deyil.

Binanın çöl divarlarında düzülən keramika işləri və keramikadan işlənən heykəllər diqqətimizi çəkir. Məlumat verilir ki, mərkəz fəaliyyətə başlamamışdan öncə əl işləri düzəldilib və divarlardan asılıb. Daha sonra mərkəzə daxil oluruq. Bütün dəhliz boyu keramikadan hazırlanan və tavandan asılan rəngarəng zənglər, divarlardakı yağlı boya tabloları, keramikadan hazırlanmış sənət əsərləri göz oxşayır.

"ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, “ABADŞəki Keramika və Tətbiqi Sənət Mərkəzi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğunun ərazisində Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir və 2018-ci ildə “ABAD” və “Paşa Holding”in əməkdaşlıq sayəsində bərpa edilib.



Şəki Keramika və Tətbiqi Sənət Mərkəzindən gözləntilərimiz böyükdür. Növbəti belə layihənin Nardaran qəsəbəsində həyata keçirilməsi planlaşdırılır. Keramika sənətinin böyük tarixi ənənəsi var. Bu sənətin iri maştablarda dirçəldilməsi çox gözəl layihədir".

R.Elçiyev qeyd edib ki, ilk mərkəzin Şəkidə açılması təsadüfi seçim olmayıb. “Dünyada mövcud olan 100-dək gil növündən 80-90 faizi Azərbaycanda mövcuddur ki, onların da bir çoxu məhz Şəki regionundadır. Qədim dövrlərdə insanlar evlərini də gildən tikiblər. Mərkəzdə 10-dan artıq əməkdaş çalışır. Onlar “ABAD” publik hüquqi şəxsin rəsmi işçiləridir, onların sayı getdikcə artacaq. Gələcəkdə 30-dək işçimiz olacaq. Burada əsasən təlimçilər iştirak edəcəklər. Bununla yanaşı, mərkəzin fəaliyyəti müddətində 10-dan çox şagird yetişdirilib. Onlar artıq keramika sənətinə yiyələniblər. Həmçinin şagirdlərin sayı durmadan artacaq. Nəticə etibarı ilə bu şagirdlər ABAD-çı olacaqlar və ABAD-ın təqdim etdiyi xidmətlərdən yararlanacaqlar. Bir sözlə, onlar həm də sahibkar olacaqlar və məhsullarını satışa çıxaracağıq. Bununla həm pul qazanacaqlar, həm də Azərbaycanın qədim ənənəvi sahəsini yaşadacaqlar”.

Direktor bildirib ki, mərkəzdə xalçaçılıq kursları da fəaliyyət göstərir və gələcəkdə başqa sənət növlərini yaratmağa çalışacaqlar.



Media-tur zamanı bizi qarşılayan koordinator, rəssam Mir Teymur Məmmədov söyləyib ki, mərkəzin açılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Rəssam mərkəzdə çalışan hər kəsin universal sənətkar olduğunu düşünür.

“Şagirdlərimin hər biri universaldır. Onlar həm şəkil çəkir, həm də keramika işləyirlər. Onlara nə material versəniz, sənət yaradacaqlar. Mənim üçün material problem yaratmır”.

65 ildir bu sənətlə məşğul olan sənətkar ABAD ailəsinə fevraldan üzv olub: “Burada işləyən insanlardan 5 nəfəri Şəki sakinidir, 5 nəfər Bakıdan gəlir. 9 nəfər isə şagirdimizdir. Onlar əsasən 8, 9-cu sinif şagirdləridir. Amma aralarında yaşlı insanlar da var. Ən yaşlı şagirdim 40 yaşındadır və sənət öyrənməyə gəlib. Bu mərkəz yerli camaat üçün yaradılıb və biz onlara peşə ağacı veririk. Belə mərkəzlər bütün ölkədə olacaq”.



Məhsulların qiymətinə gəlincə Məmmədov vurğulayıb ki, orada hər qiymətə materiallar var: “Gili gətirmək və ondan sənət əsəri yaratmaq bir çox mərhələdən keçir. Bunun hər biri üçün pul xərclənir. Ona görə də bir sənət əsərinin qiyməti hesablanarkən bütün bunlar nəzərə alınır. Keramika sənətinə böyük maraq var. Keramikada böyük enerji mövcuddur, bir çox xəstəlikləri müalicə edir. İnsanların əsəblərini sakitləşdirir. İnsanlar burada istirahət edirlər”.

Sənətkar bildirib ki, gələcəkdə mərkəzin ərazisi genişləndiriləcək. “Hazırda 5 hektar ərazi ayrılıb. Mərkəzin davamı olacaq. Qarşıda keramika, xalçaçılıq, rəngsazlıqla bağlı böyük layihələr var. Burada sənət işlərindən ibarət böyük park yaradılacaq”.

Rəssam, həmçinin gilin suda dincəldilməsi, onun bişirilməsi mərhələlərindən danışıb. O, danışdıqca otaqda olan digər ustalar dayanmadan, həvəslə işləyirdilər. Arada suallara cavab verməyi də unutmurdular.

Maraqlı söhbətdən sonra gildən hazırlanmış keramika məhsullarının bişirilmə otağına baş çəkdik. Məmmədovun sözlərinə görə, sobada bişdikdən sonra keramika məhsullarının üstünə müxtəlif ölkələrdən gətirilən şirələr vurulur. Bu isə həmin işin parlaq olmasına səbəb olur.



“Bu sənətin yaranması qadınlarla bağlıdır. İlk dəfə açıq havada odun yanında qalan gilin bərk olmasını onlar tapıblar. Qadınlar axtararaq belə sənət əsərlərinin yaranmasına səbəb olublar. Bu gün qadınlarımız keramika işlərinə bəzək əşyası kimi daha çox maraq göstərirlər, onlar gözəlliyi duyurlar. Kişilər isə daha çox keramikadan yaradılan təsbehlərə üstünlük verirlər”.

Heykəltaraş Vahid Əlimov isə qeyd edib ki, hazırlanan işlərdə əsasən milliliyə üstünlük verilir: "Əl işlərini turistlərin alacağını nəzərə alsaq, onların ölkəmizi təmsil edəcək əşyanı aparmasına daha çox fikir veririk”.

Mərkəzdə, həmçinin sənət əsərləri də satılır. Burada keramikadan düzəldilmiş işlərlə yanaşı, rənglənən və ya qaşlarla hazırlanan müxtəlif əl işlərini də görmək mümkündür.

Mərkəzin alt mərtəbəsində isə qonaq otaqları yerləşir. Burada kənar yerlərdən gələn qonaqların, sənətkarların dincəlməsi üçün şərait yaradılıb. Həmçinin kənar bölgələrdən öyrənmək üçün gələn şagirdlərə ödənişsiz gecələmək üçün şərait yaradılıb.

Keramika ustası Sevinc Yaftamova 4 ildir ki, bu sənətlə məşğuldur və may ayından etibarən mərkəzdə işləyir. O, bildirib ki, emalatxanada kişilərin çox olmasına baxmayaraq, qadınların bu sənətə həvəsi çoxdur. “Həvəs olan yerdə məsuliyyət də olur. Bura gələnlərə biz nə bilirik, onu da öyrədirik. Satış dükanına əsasən qadınlar gəlir və onlar bu sənətə daha çox meyillidirlər”.



Media nümayəndələrinə sonda məlumat verilib ki, Mərkəz və “ABAD” vasitəsilə bacarıqlarını artıran vətəndaşların əl işlərinin satışından gələn gəlirlər onların bank hesabına köçürülür. Bu, həm əhalinin sosial rifahının yüksəlməsinə, həm də özünüməşğulluq proqramının inkişafına müsbət təsir göstərəcək. Keramika Mərkəzinin daha bir əhəmiyyətli xüsusiyyəti ondan ibarətdir ki, burada yalnız yerli gildən istifadə olunur.











Aytən Zəhra
Azvision.az

Teqlər: ABAD   Şəki