Ədliyyə naziri bir sıra beynəlxalq görüşlər keçirib

Ədliyyə naziri bir sıra beynəlxalq görüşlər keçirib
  24 Noyabr 2018    Oxunub:1440
Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Türkiyənin ədliyyə naziri Abdulhamit Gül, Belarusun ədliyyə naziri Oleq Slijevski, Gürcüstan ədliyyə nazirinin birinci müavini Mikheil Sarjveladze, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Georq Stava ölkəmizdə səfərdə olublar.
Azvision.az xəbər verir ki, qonaqlar konfransda çıxış edərək hüquqi dövlətdə ədliyyə sisteminin mühüm rolunu, Azərbaycan ədliyyəsinin davamlı inkişafını və əldə etdiyi nailiyyətləri, ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın səmərəsini, faydalı təcrübə mübadiləsinin aparılmasını vurğulayıb, tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edərək Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə təbriklərini ifadə ediblər.

CEPEJ-in prezidenti, həmçinin qeyd edib ki, ölkəmiz Avropa dövlətləri arasında məhkəmə sahəsində ən dinamik inkişaf edən dövlətlərdəndir və müasir məhkəmə infrastrukturunun yaradılması, məhkəmə sistemində qabaqcıl İKT-lərin tətbiqi və məhkəmələrdə elektron əlçatanlığın artırılması sahəsində ön sıralarda dayanır. O, bu sahədə həyata keçirilən layihələrin digər dövlətlərə örnək kimi təbliğ olunduğunu bildirib, artıq Azərbaycanın müsbət təcrübəsindən bir çox dövlətlərin, o cümlədən Avstriyanın istifadə etdiyini vurğulayıb.

Konfrans çərçivəsində Türkiyə və Belarus ədliyyə nazirləri, Gürcüstanın ədliyyə nazirinin birinci müavini və CEPEJ-in prezidenti ilə respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun görüşləri keçirilib.

Görüşlərdə qonaqlar dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsini qeyd edib, qarşılıqlı fəaliyyətin inkişafından məmnunluqlarını ifadə edib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlara böyük maraq göstərərək əldə olunan nailiyyətləri təqdir edib, bu sahədə ölkəmizin müsbət təcrübəsinin digər dövlətlərə nümunə olduğunu vurğulayıblar.

Həmçinin, əməkdaşlığın perspektivlərinə dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbirlərdə respublikamızın Baş prokuroru Zakir Qaralov və digər məsul şəxslər iştirak ediblər.

Azvision.az


Teqlər:





Xəbər lenti