Azov yeni müharibəyə səbəb olacaqmı? - Politoloq şərhi

Azov yeni müharibəyə səbəb olacaqmı? -  Politoloq şərhi
  26 Noyabr 2018    Oxunub:3644
Ötən gün Rusiya Federal Təhlükəsizlik Xidməti Ukraynanın "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmilərinin Krım sahillərində saxlanıldığı barədə məlumat yayıb. Gəmilərin saxlanılması üçün silahdan istifadə edilib, 3 ukraynalı hərbçi yaralanıb. Ukrayna prezidenti Petro Poroşenko isə ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib.
O, baş verən hadisəni hərbi təcavüz aktı adlandırıb və Ali Baş Komandan kimi deputatlardan ölkədə hərbi vəziyyətin tətbiq edilməsini dəstəkləmələrini xahiş edib. Ukrayna prezidenti qeyd edib ki, bu, əhalinin dərhal səfərbərliyini bildirmir, yalnız hərbi mükəlləfiyyətlilərin hazırlığına aiddir.

Baş verənləri Azvision.az-a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırladıb ki, Xəzər dənizinin statusunun müəyyənləşməsinə 27 il vaxt lazım gəlib və Konvensiya bu il imzalanıb.

Politoloq qeyd edib ki, hətta bu Konvensiya Xəzərin dibinin bölüşdürülməsini həll etməyib və Azərbaycan İran və Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsinə dair ayrıca saziş imzalamalıdır: "Rusiyanın Krımı ilhaqı özü ilə bir başqa problemi də aktuallaşdırdı: Azov dənizinin statusu. Rusiya ilə Ukrayna arasındakı mübahisəyə qədər, yəni 2013-cü ilə qədər Azovla bağlı heç bir problem yox idi, iki ölkə arasında müvafiq sazişə görə dənizdən birgə istifadə ilə bağlı saziş mövcud idi. Bu saziş indi də ləğv olunmayıb. Sadəcə, Rusiya Krımı ilhaq etdikdən və Rusiyanın materik hissəsini Krımla biləşdirən körpü bu il istifadəyə verildikdən sonra vəziyyət köklü sürətdə dəyişib”.

E. Şahinoğlu bildirib ki, Rusiya indi Azov dənizinin böyük hissəsini daxili suları sayır: "Bu isə Ukraynaya ciddi təhlükəsizlik və iqtisadi problemlər yaradır. Çünki, Ukraynanın Qara dəniz limanı olan Odessadan gəmilər Ukraynanın Azov dənizindəki strateji liman şəhəri olan Mariupola gəmilər strateji mallar daşımalıdır. Həmin gəmilər Krımın ilhaqından sonra Rusiyanın iddia etdiyi dəniz hissəsinə daxil olurlar. Ukrayna beynəlxalq hüquqa zidd hərəkət etmir. Beynəlxalq aləm Krımı və onun sahilini Ukrayna ərazisi sayır. Buna görə də Ukraynanın hərbi və yük daşıyan gəmiləri öz sahillərində sərbəst hərəkət etməlidirlər. Ancaq reallıqda bu münaqişəyə səbəb olur. Çünki, Rusiyanın sərhəd gəmiləri özününkü saydığı Krımın ətrafında və Azov dənizinin böyük hissəsində keşik çəkir və üçüncü ölkələrin bu akvatoriyaya icazəsiz girişlərinin qarşısını alır.

Aydındır ki, Ukrayna özünü alçaldaraq gəmilərinin Qara dənizdən Azov dənizinə keçidinə görə Rusiyadan icazə almayacaq. Bu halda Ukrayna Krımın ilhaqına razılaşmış olacaq. Rusiya isə Ukrayna gəmilərinin Krım və Azov sahilində sərbəst fəaliyyətlərinə imkan versə, reaksiya bildirməsə zəif görünəcək, Krımın ona aid olmadığı kimi görsənmiş olacaq. Yəni hər bir tərəf zəif görünmək istəmir. Rusiyanın siyasi və ekspert mərkəzləri hesab edir ki, Ukrayna gəmilərinin "son təxribatının” arxasında iki güc dayanır”.

Politoloq vurğulayıb ki, birinci güc Ukrayna prezidenti Petro Poroşenkodur: "Ukraynada 4 aydan sonra prezident seçkisidir. Petro Poroşenkonun reytinqi o qədər də yüksək deyil, 3 və 4-cü sıralardadır. Moskvanın ortaya atdığı versiyaya görə, Poroşenko Azov dənizində vəziyyəti qəsdən mürəkkəbləşdirməklə ölkədə fövqəladə vəziyyəti elan edib seçkiləri təxirə salmaq istəyir. Bu Moskvanın versiyasıdır. Əlbəttə, Poroşenko reytinqindən narahatdır. Ancaq Ukraynadakı siyasi qüvvələr Petro Poroşenkonun seçkini təxirə salmaq fikrini asanlıqla qəbul etməyəcəklər. Özəlliklə bütün sorğularda birinci yerdə gedən Yuliya Timoşenko tərəfdarlarını ayağa qaldıracaq. Ona görə də Rusiyanın ortaya atdığı iddia Poroşenkonun nüfuzuna zərbə vurmaq mahiyyəti daşıyır. İkinci gücü kimi isə Vaşinqtonun adı çəkilir. Moskvanın bir başqa ehtimalı görə, Azovdakı gərgin vəziyyətin arxasında Vaşinqtondakı siyasi mərkəzlər dayanır. Başqa sözlə Petro Poroşenko Vaşinqtondan təlimat aldıqdan sonra 3 hərbi gəmisini Rusiya sərhədçiləri ilə toqquşmaya göndərib. Bu Vaşinqtonun nəyinə lazımdır? Moskvanın versiyasına görə yaxın günlərdə G-20-lərin Argentinada sammiti olacaq və sammit çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulub. Moskva iddia edir ki, Vaşinqtonda prezident Donald Trampa müxalif olan "dərin dövlət” Azovdakı gərginlik fonunda prezidentlərin görüşünü pozmaq istəyir. Əslində Donald Tramp və onun administrasiyası Azovdakı insidentə münasibət bildirməlidirlər. Tramp Ukraynanı müdafiə etməsə Konqresdəki müxalifətlə üz-üzə qalacaq, hətta öz prezidentin silahdaşları ona qarşı çıxacaq”.

E. Şahinoğu hesab edir ki, son insidentdən sonra Azov dənizinin yeni statusunu müəyyənləşdirmək çətin olacaq: "Digər tərəfdən, son insident Donbasda gərginliyin artmasına səbəb olacaq. Hətta gərginlik o həddə çata bilər ki, Rusiya "Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliklərini” tanıya bilər. Rusiya bunu 2008-ci ildə Gürcüstanda təcrübədən keçirib, Gürcüstanla savaşdan sonra Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini” tanıdı”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Ukrayna   Rusiya   Azov  





Xəbər lenti