Xatirənin söz verdiyi “Müşfiq bulağı” nə vaxt tikiləcək?

Xatirənin söz verdiyi “Müşfiq bulağı” nə vaxt tikiləcək?
  26 Noyabr 2018    Oxunub:2670
Bir neçə ay bundan əvvəl müğənni Xatirə İslamın keçirdiyi konsertdən əldə etdiyi gəlirlə aprel şəhidi Müşfiq Orucovun adına bulaq tikdirəcəyi barədə məlumat vermişdik.

Azvision.az-ın əməkdaşı şəhidin atası Arif Orucovla əlaqə saxlayaraq, məsələnin nə yerdə qaldığını öyrənməyə çalışıb.
A.Orucov bildirib ki, şəhid oğlunun adına bulaq tikdirmək üçün yer ayrılmasını gözləyirlər. O, bu məqsədlə müvafiq dövlət qurumlarına müraciət ünvanlayıb.

“Xətai Rayon İcra Hakimiyətinin şöbə müdiri Pənah müəllimlə, Zəngilanın icra başçısının birinci müavini Nizami müəllimlə görüşmüşəm. Onlara bildirmişəm ki, Masazırda Zəngilan şəhərciyi var, orada bulaq salınmasını istəyərdik. Onlar qısa zamanda yerin ayrılacağına söz verdilər. Hələlik cavab gözləyirəm. İnanıram ki, qısa zamanda bizə yer ayrılacaq, biz də Müşfiqin adına layiq bulaq tikəcəyik”.

Onun sözlərinə görə, müğənni Xatirə İslam işlərin ləngiməsindən narahatdır. “Bizimlə tez-tez əlaqə saxlayır, maraqlanır. O da bizim kimi cavab gözləyir”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhid   Müşfiq-Orucov  





Xəbər lenti