Şahin Mustafayev Tacikistan səfiri ilə görüşüb

Şahin Mustafayev Tacikistan səfiri ilə görüşüb
  26 Noyabr 2018    Oxunub:1914
İqtisadiyyat naziri, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev ilə görüşüb.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında tarixi və mədəni yaxınlığı vurğulayıb, əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, ticarət əlaqələrimiz inkişaf edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ölkələrimiz arasında Hökumətlərarası Komissiya fəaliyyət göstərir, birgə tədbirlər təşkil edilir.

Nazir iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb, sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb. Azərbaycanın əlverişli geostrateji mövqedə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını diqqətə çatdıran Şahin Mustafayev Tacikistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, Tacikistanın ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə biləcəyini diqqətə çatdırıb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Azvision.az


Teqlər: Nazir   Görüş  





Xəbər lenti