“Kənddən şəhərə” - Nazir yeni layihədən danışdı

 “Kənddən şəhərə”  - Nazir yeni layihədən danışdı
  27 Noyabr 2018    Oxunub:3231
"Artıq "Kənddən şəhərə" layihəsi başlamaq üzrədir. Dövlət Aqrar Ticarət Şirkəti təsis edilib, məqsəd fermerlərin məhsullarının satılmasına, yeni bazarların tapılmasına kömək etməkdir"

Azvision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Masallıda Dövlət Aqrar İnkişaf Mərkəzinin açılışında jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, "Kənddən şəhərə" layihəsi müasir yarmarka konsepsiyası üzərində qurulub: "Artıq ənənəvi yarmarkalardan müasir dövrün tələblərinə uyğun yarmarkalara keçid edilməlidir. Bu layihə yaxınlarda təqdim ediləcək. Layihə əsasında birinci satış yarmarkası Bakı şəhərində açılacaq, o cümlədən böyük supermarkelər şəbəkəsində "Kənddən şəhərə" devizi altında məhsullar satışa çıxarılacaq. Bununla yanaşı, fermerlərin məhsullarının satışına ən böyük dəstək hesab edirəm ki, elektron kənd təsərrüfatı çərçivəsində həyata keçirilməlidir. Fermerlər planlaşdırmanı düzgün qura bilmirlər, bu sahədə dövlət dəstək olmalıdır. Misal üçün bir il az insan sarımsaq əkir və məhsul bazarda baha olur, növbəti il hamı sarımsaq əkir, qiymətlər düşür. Əvvəlcədən kimin nə əkmək istədiyi dövlətə elektron kənd təsərrüfatı vasitəsilə bəyan edilməlidir. Təhlil ediləndən sonra vətəndaşlarımıza tövsiyyə ediləcək ki, hansı məhsulu əkdikdə onlar öz məhsullarını asan formada sata bilərlər".

Nazir fermerlərin məhsullarının sığortalanması məsələsindən söz açıb. Bildirib ki, müvafiq qurumlara təqdim edilən "Aqrar sığorta haqqında" qanun layihəsi qəbul edildikdən sonra fermerlər öz məhsullarını dövlətin dəstəyi ilə sığortalaya biləcəklər.

Aytən Zəhra
Azvision.az



Teqlər: İnam-Kərimov   Nazir  





Xəbər lenti