“Ümidimiz girovların dəyişdirilməsinə qalıb” - Şahbazın qardaşı

“Ümidimiz girovların dəyişdirilməsinə qalıb” -  Şahbazın qardaşı
  28 Noyabr 2018    Oxunub:2723
“5 aydan çoxdur ki, qardaşımdan məlumat ala bilmirik. Sağdırmı, sağlamdırmı xəbərimiz yoxdur. Bu barədə bizə heç nə demirlər”
Bunu Azvision.az-a Kəlbəcər girovu Şahbaz Quliyevin qardaşı İlham Quliyev bildirib. Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət etsələr də, Şahbaz barədə nə yazılı, nə də şifahi məlumat verilir.

“Qardaşımın yeni foto və videosunun olmaması bizi çox narahat edir. Elə bil, həyatda belə insan olmayıb. 5 aydır bir parça kağız da gətirmirlər. Ümidimiz girovların dəyişdirilməsinə qalıb. Əlimizdən başqa iş gəlmir. Çarəmiz dua və ümid etməkdir. Yaxın gələcəkdə onların geri alınacağına inanmaq istəyirik”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Girov   Şahbaz-Quliyev  





Xəbər lenti