Coratda top mərmisi tapılıb

Coratda top mərmisi tapılıb
  28 Noyabr 2018    Oxunub:1847
Noyabrın 27-də saat 17:36-da Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən və saat 17:39-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin Corat qəsəbəsində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və şəhər polis idarəsinin əməkdaşları qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd top mərmisi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 20 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən noyabrın 27-dək 5456 ədəd partlamamış hərbi sursat, bir ədəd silah, piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə ümumilikdə 405 min 423 kvadratmetr ərazi yoxlanılıb.

Azvision.az


Teqlər: ANAMA   Corat   Mərmi  





Xəbər lenti