"Sağlam dini maarifçiliyə böyük ehtiyac var" - Gündüz İsmayılov

"Sağlam dini maarifçiliyə böyük ehtiyac var" -  Gündüz İsmayılov
  28 Noyabr 2018    Oxunub:1721
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans noyabrın 28-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusundakı panel iclasla öz işini davam etdirib.
Dövlət Komitəsindən Azvision.az-a bildirilib ki, müəllimlərin, gənclərin və digər ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Təranə Cabbarova Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı dini dözümlülük və tolerantlığın dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirildiyini bildirib. O, eyni zamanda, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada yüksək qiymətləndirildiyini vurğulayıb.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, bu gün Azərbaycan özünün zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Qeyd edib ki, Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Onun sözlərinə görə, ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın nadir daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunan sədr müavini vurğulayıb ki, cəmiyyətdə sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur. Odur ki, cəmiyyətin bütün təbəqələri, o cümlədən gənclər milli-mənəvi dəyərlərimizin təbliği, radikalizmlə mübarizə və dini maarifləndirmə işində daha fəal olmalıdırlar.

İmişli rayon Təhsil Şöbəsinin əməkdaşı Sevdimalı Hüseynov gənclərin dini radikalizmin təsirlərindən uzaq olmaları üçün keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, gənclərin elmə, təhsilə yiyələnmələri daim diqqətdə saxlanılmalı, dini bilgilər onlara düzgün çatdırılmalıdır. Bildirib ki, bu işdə məktəb müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Sonda iştirakçıların sualları cavablandırılıb.

Azvision.az


Teqlər: İslam   Radikalizm  





Xəbər lenti